“ABŞ Ticarət Nazirliyi Rusiya, Qırğızıstan və Ermənistandan olan 71 şirkətə qarşı yeni sanksiyalar və ixrac məhdudiyyətləri elan edib. Bu şirkətlər ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin maraqlarına zidd fəaliyyət göstərir. Bu siyahıda Ermənistandan yalnız bir şirkətin olmasının fərqi yoxdur. Önəmli olan odur ki, Ermənistanın adı “sanksiya” sözü ilə eyni sırada çəkilir”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Razmik Akopjanyanın məqaləsində yer alıb: “Biz neçə illərdir ki, Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edirik. Amma heç bir nəticə yoxdur. Çünki Azərbaycan məharətlə manevr edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan dövlət statusundan fəal şəkildə yararlanır. Bununla belə, Azərbaycan Ukraynanı dəstəkləyir. Bir sözlə, Rusiya ilə münaqişənin Ukraynanın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyini bəyan edərək, ora humanitar yüklər göndərir. Qərbdə isə bizim problemlərimizi, Rusiyadan asılılığımızı, bundan irəli gələn çağırışları anlamaq istəmirlər. İndi isə gəlin hər şeyə öz baxış bucağımızdan yanaşaq. Müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukrayna NATO-nun Vilnüs sammitindən gələcək tərəfdaşlığa dair “real siqnal” gözləyir. Çünki bu gün Ukrayna Rusiya imperiyasının aqressivlik qabiliyyətini məhv etməklə NATO-nun funksiyasını yerinə yetirir. Çox güman ki, onun NATO-ya qəbulu məsələsi artıq həll olunub. Eynilə Ukraynanın Aİ-yə daxil olması məsələsi kimi… Beləcə, Azərbaycan NATO və Aİ-yə üzv olacaq Ukraynanın strateji müttəfiqi kimi çıxış edəcək. Eyni zamanda, Azərbaycan NATO-nun üzvü olan və Macarıstan da daxil “türk dünyasını” genişləndirən Türkiyənin strateji müttəfiqidir. Ermənistana isə Rusiyaya Qərb sanksiyalarından yan keçməkdə yardımçı olan ölkə statusu qalır. Hələ KTMT və Aİİ üzvü olan dövlət statusunu demirəm. Onlardan, xüsusən də KTMT-dən bizə heç bir fayda yoxdur. Yalnız zərəri var”, – deyə erməni analitik vurğulayıb.
Erməni analitik hesab edir ki, müasir dünya autsayderlərə bölünüb: “Ona görə də Rusiya Azərbaycanı Aİİ-yə bu qədər fəal şəkildə cəlb etməyə çalışsa da, rəsmi Bakı bu təklifdən fəal şəkildə imtina edir. O, çoxdan öz iqtisadiyyatını Qərbə yönəldib. Azərbaycanın bütün enerji layihələri Aİ ilə bağlıdır. Bu da Azərbaycana qarşı sanksiyaların olmayacağının digər səbəbidir. Eyni səbəbdən Qərbin susqunluğunu görə bilirik. Eyni səbəbdən ATƏT-in Minsk qrupu da dağıldı. Və Moskva görüşü də son dərəcə soyuqqanlılıqla qiymətləndirilməlidir. Rusiyaya bu görüş hələ də əsas trafik nəzarətçisi olduğunu göstərmək üçün lazım idi. Rusiya bu rolu boğulan və saman çöpündən yapışan adam kimi oynayır. Amma bu, bizim üçün işi asanlaşdırmır. Çünki əvvəlki və indiki hakimiyyət Ermənistanı istənilən halda uduzacaq həddə çatdırıb. Və onu görməmək sadəcə mümkün deyil”, – Razmik Akopjanyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az