“Adamlara nəvələrinin səsi və görüntüsü ilə zəng edib pul istəyirlər” – Yeni dələduzluq növübackend

“Adamlara nəvələrinin səsi və görüntüsü ilə zəng edib pul istəyirlər” - Yeni dələduzluq növü

“Hazırda süni intellekt sürətli dinamika ilə inkişaf edir. Gələcəkdə bu alətin müsbət tərəflərindən faydalı istifadə edənlərlə yanaşı bu texnoloji nailiyyətdən dələduzluq məqsədilə yararlananlar da olacaq”.

Bunu KONKRET.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib:

 

“Süni intellektin inkişafı bir çox yeni qapılar açır, yeni kəşflər və ideyaların formalaşmasına səbəb olur. Bu münbit alətdən kibercinayətkarlar dələduzluq məqsədilə istifadə edirlər. Amerika və Avropada artıq belə bir təcrübə var. Dələduzlar dibfeyk videolarla insanları aldadır. Məsələn, yaşlı adama öz nəvəsinin səsi, videosu ilə müraciət edərək müxtəlif bəhanələrlə pul göndərilməsi istənilir. Bu halların gələcəkdə artması gözlənilir. Texnologiya inkişaf etdikcə onun səmərəli alətlərindən yaxşı məqsədlər üçün istifadə edildiyi kimi, kiberdələduzlar da öz məqsədləri üçün istifadə edilir. Bu təcrübəyə Azərbaycanda rast gəlinməsə də, ehtimal olunur ki, belə hallar ölkəmizdə də yaşanacaq”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında qeyd edib ki, süni intellekt vasitəsilə kiminsə adından yaradılan, onun tam eynisi olan videozəng görüntüləri və danışıqları vasitəsilə həyata keçirilən cinayətkarlığın statistikası, necə deyərlər, “sintetik identifikasiya əsaslı kiberdələduzluğun” statistikiası son iki ildə hədsiz artıb:

“Statistikalara baxsaq görərik ki, kiberdələduzların son istifadə etdiyi texnologiyalar artıq süni intellektə söykənir. Süni intellekt “dipfeyk kiberdələduzların” da imkanlarını xeyli genişləndirib. Mübarizə nə qədər gücləndirilsə də, qarşıdakı illərdə bu istiqamətdə kibercinayətkarlığın dünyada daha da artacağı proqnozlaşdırılır”.

Bizim Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu texnologiyalardan istifadə edərək cinayət edənlərin qarşısnı ala biləcəkmi?

“Əlbəttə, yeni formalaşmış qurum üçün çətin olacaq. Bizim kiberpolis üçün süni intellekt texnologiyası ilə silahlanmış cinayətkardan bir addım qabaqda olmaq asan başa gəlməyəcək.

Bu sektorda cinayətkarla mübarizə aparanların üzərinə, real dünyada cinayətkarlarla “vuruşanlardan” daha çox ağırlıq düşür. Necə deyərlər, polis kimi formada olmaqla bərabər, həmişə “rəqəmsal” formada olmaq lazım gəlir.

Ümid edirəm bir il öncə yaradılan Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sektorda fəaliyyət göstərən yerli və beynəlxalq tərəfdaşlarla birgə qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*