“ANC Group” MMC-yə məxsus “Rahat” supermarketdə satılan “Slavyanka Zolotoy Step” konfetlərinin içindən qurd çıxıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu barədə müştərilərdən biri sosial şəbəkədə şikayət paylaşıb.
O, Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən “Rahat” marketdən aldığı 1 kiloqram “Slavyanka Zolotoy Step”ə 13 manat 99 qəpik ödəyib və evə gəldikdən sonra məhsulun qurdlu olduğunu görüb.
“Hamısının içindən diri qurd çıxdı. Tulladıq. Ümumiyyətlə, son zamanlar yeni konfet tapa bilmirəm, hamısı köhnə çıxır. Qurd çıxanını da ilk dəfədir, görürəm. Biz pulu, elə bil, zibillikdən tapırıq ki, nə alırıq tullayaq. Keçən dəfə “Megastore”dan endirimdə konfet aldım, köhnə, yeyiləsi deyildi. Deməli, bir şey köhnə olanda camaata “sırımaq” üçün endirimə qoyurlar…”- müştəri bildirib.
Məsələ ilə bağlı “Rahat” marketə sorğu ünvanlanıb.
Qeyd: İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə qeyri-rəsmi məxsus olduğu bildirilən “ANC Group”un qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD malikdir.
