ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper Rusiya Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan münaqişəsi zonasında sabitliyi pozacağından narahatdır. Bu isə Vaşinqtonun Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamağa hazır olduğunu göstərir. Ancaq Vaşinqtonun bu sahədəki imkanları məhduddur. Dövlət Departamenti ilk dəfədən Rusiya Federasiyasının Qarabağdakı hərəkətlərini tənqid edib. Mətbuat konfransında Kuper Rusiya Federasiyasının hərbi varlığı olduğu yerdə risqlərin qaldığını deyib. Qeyd edib ki, rusların münaqişə zonasında olması sabitliyin pozulması riskini artırır və bölgədəki bütün dövlətlərə meydan oxumaq təsviri yaradır.
Klark əlavə edib ki, oktyabr ayında Ağ Evin Qarabağda barışıq əldə etmək cəhdi uğursuzluğa düçar olub. Eyni zamanda, Avropa ölkələrindən, xüsusən İsveçdən olan sülhməramlıların Qarabağda yerləşdirmək təklifi havadan asılı qalıb. Beləcə, ABŞ-ın təşəbbüsləri yalnız ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdirirməsi ilə məhdudlaşıb.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev 13 dekabr tarixində ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərini qəbul edib. Görüş zamanı “Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Çünki bu missiyanın fəaliyyəti yaradıcı deyil, təsirsiz və səmərəsizdir”, – deyə İlham Əliyev bildirib. Əliyevin fikrincə, Ermənistan təslimçi sülhü imzalayıb. Ona görə də Minsk Qrupunun sülh prosesində vasitəçi rolu başa çatıb. Eyni zamanda, o, Minsk qrupu formatının gələcəyinə inanmadığını deyib.
Kuperin sözləri ABŞ-ın açıq uğursuzluğuna rəğmən bölgədəki fəaliyyətini durdurmaq fikrində olmadığı qənaəti yaradır. Ancaq Dövlət katibinin köməkçisinin fikirləri vəzifədən gedən Ağ Ev rəhbərliyinin mövqeyi kimi də qəbul edilə bilər. Kuper diplomatik karyerası boyunca Respublikaçılar Partiyası ilə sıx əlaqədə olub. Kuperin Donald Trampın rəhbərliyindəki Dövlət Departamentinə işə qəbulu böyük ölçüdə Corc Buşun hakimiyyəti dövründəki xidmətləri səbəb olub. Sonra Kuper bir neçə mühüm diplomatik postlarda çalışıb. Sonda ABŞ Dövlət Departamentinin Yaxın Şərqdəki siyasətinə məsul olan əsas simalarından biri olub.
Cozef Bayden administrasiyasının Qarabağla bağlı mövqeyinin necə olacağı hələlik aydın deyil. Müharibə vaxtı Bayden münaqişə ilə bağlı açıqlamalar verib. Lakin bunlar daha çox seçkiqabağı kampaniya xarakter daşıyırdı. O vaxt Bayden Trampı tez bir zamanda atəşkəsə nail olacağına dair tələsik verdiyi vədinə görə tənqid edib. Bəyanatında o, Rusiya və Türkiyəni “münaqişəni qızışdırmaqda” günahlandırıb. Ancaq Bayden münaqişəni həll etmək üçün hər hansı bir variant təklif etməyib. Çünki Ermənistanla Azərbaycan arasındakı qarşıdurma onun seçki kampaniyasının ən sonuncu mövzularından biri idi.
ABŞ-ın Qarabağ münaqişəsinin həllində Tramp administrasiyasının xəttini davam etdirib-etdirməyəcəyi cümə axşamı bəlli ola bilərdi. Həmin gün dövlət katibi Mayk Pompeo ilə Bayden administrasiyasında Dövlət Departamentinin rəhbəri olacaq Antoni Blinkenin görüşü olacaqdı. Ancaq bu görüş baş tutmadı. CNN-in verdiyi xəbərə görə, buna səbəb Pompeonun koronavirusa yoluxması olub. Lakin bu vəziyyətdə başqa şübhələr də var. Belə ki, Tramp və onun komandası hələ də Baydenin prezident seçkilərindəki qələbəsinin legitimliyini tanımır. Və bacardıqları qədər yeni Ağ Ev administrasiyasının işini ləngitməyə çalışırlar. Bu arada, bölgədəki “sabitliyi pozan” Rusiya hərbi mövcudluğu Klarkın dediyi kimi tezliklə bir qədər də artacaq. Çünki Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədində rus sərhədçilərinin dayanacağını bildirib. Onlar Sünik bölgəsində yerləşəcəklər. Bu, həm də 10 noyabrdakı razılaşmaya görə, Azərbaycanla Naxçıvan arasında açılacaq nəqliyyat dəhlizi ilə bağlıdır.
“Nezavisimiya qazeta”, 18 dekabr 2020
Tərcümə etdi: KONKRET.az