Ağdam Cümə məscidi: Sərkisyan İrana gedəndə göstəriş verdi ki…backend

Ağdam Cümə məscidi: Sərkisyan İrana gedəndə göstəriş verdi ki...

Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilib. Memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunan məscid iki minarəli və iki mərtəbəlidir. Məscidin inşası üçün Kərbəlayi Səfixan Qarabaği Ağdama dəvət olunub. Dəqiq riyazi və həndəsi analizlərlə işləyən və layihələrini tikinti meydançasında öz əlləri ilə icra edərək bir millimetr səhvə belə yol verməyən bu memar Ağdam məscidini şərq və Qarabağ memarlıq üslubunda tikib başa çatdırıb.

KONKRET.az xəbər verir ki, bu fikirləri teleqraf.com -a siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Ağdam məscidi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Ağdam Cümə məscidi yerli inşaat materialları ilə ənənəvi milli memarlıq üslubunda tikilmiş abidədir:

“Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülüb. Ağdam Cümə məscidinin ibadət salonunu ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Salonun cənub divarının ortasında uca mehrab tağcası quraşdırılıb. Yan tağcaların üstu interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulub.

İbadət salonu yan eyvanların ortalarında və mehrab tağcasının yanlarında olan pəncərələrlə işıqlanır. Sadə bəzəkli mehrab tağcasının üzərindəki kitabədə dekor ustası, Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd NəqqaşTəbrizinin adı və təmir tarixi (hicri 1331, miladi 1913-cu il) yazılıb.

Məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ icərisində verilib, acıq eyvanın yanlarında isə iki mərtəbəli otaqlar yerləşdirilib. Ağdam Cümə məscidinin portalı ümumi quruluşu ilə Bərdədəki İmamzadə məscidinin portalına bənzəyir. Bu onu göstərir ki, Səfixan əvvəl tikdiyi binaların maraqlı memarlıq və konstruksiya elementlərini bir ənənə şəklində yeni binalarda da tətbiq edib. Lakin göründüyü kimi, bu elementlər bayağı və yersiz yox, məhz, kompozisiyanın tələblərinə uyğun həll olunur.

Sütunlar üzərinə oturdulmuş səlis xətli tağbənd və günbəz formalı örtük konstruksiyası, mütənasib qamətli dörd ədəd səkkizbucaqlı daş sütunun ibadət zalında paralel düzülüşü onu üç yerə ayırır”.

Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunından sonra memarlıq incilərimizdən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrildi.

Zaur Əliyevin sözlərinə görə, məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurularaq, dizayn və yazıları pozulub: “Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistana aparılıb. Məscidin daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadə və sözlər yazılıb. Ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuz saxlamaq üçün tövlə kimi istifadə ediblər.

2016-cı ildə Ermənistan prezidenti Serj Sərkisyanın İrana səfəri ərəfəsində Ağdam Cümə məscidinin içərisini peyindən təmizləmək üçün erməni ordusunun Qarabağdakı komandanlığına göstəriş verildi. Bir ay ərzində məscidin içərisi və ətrafı erməni əsgərləri tərəfindən təmizləndi. Lakin sonradan yenidən məcsid donuz və mal-qara üçün tövlə rolunu oynadı”.

Qeyd edək ki, abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*