backend

“Ailələrinizi gətirməyin” - Rusiyanın əmək miqrantlarına növbəti qadağasının MÜMKÜN NƏTİCƏLƏRİ

Rusiya Federasiyasının Dövlət Dumasına əmək miqrantlarının Rusiyada ailələri ilə yaşamasını qadağan edən qanun layihəsi daxil olub. Liberal-demokrat fraksiyasının lideri Leonid Slutskinin rəhbərlik etdiyi bir qrup LDPR deputatı tərəfindən hazırlanan qanun layihəsi əmək lisenziyası (patent-red ) olan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyi qadağan edir.

“Əmək miqrantlarının ailələri onları vətənlərində gözləməlidirlər. Onlar Rusiyaya gələndə işləyən əcnəbilərin qohumları kompakt anklavlarda yaşayır, öz dillərində danışır və yerli sakinlərə laqeyd yanaşırlar”, – Slutski vurğulayıb.

Qeyd edək ki,Rusiya şirkətlərinin yüksək ixtisaslı xarici işçiləri üçün bu qanun istisna ediləcək.

Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin əcnəbilərin ilkin hərbi qeydiyyatdan keçmə öhdəliyini yerinə yetirməməsi halında əldə etdikləri Rusiya vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qanun layihəsini də təsdiqləyib. Qanun Rusiya vətəndaşlığını almış şəxslərin icbari ilkin hərbi qeydiyyata alınması öhdəliyini qarşıya qoyur. Öhdəliyin yerinə yetirilməməsi isə həmin şəxlərin vətəndaşlığına xitam verilməsi üçün əsas sayılır.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın əmək miqrantları ilə bağlı qərarları onları ordu sıralarına göndərməyə hesablanıb:

“Rusiyada miqrantlarla bağlı bu tip qərarların verilməsi ölkə iqtisadiyyatına və birgə nikahların bağlanmasına mənfi təsir edəcək. Görünən odur ki, davam edən Rusiya-Ukrayna müharibəsi bütün spektrlara mənfi təsir edir. Artıq ölkədə işçi qüvvəsi azalır. MDB ölkələrindən xüsusilə Mərkəzi Asiyadan olan miqrantlara qarşı çox ciddi cəzalar tətbiq olunur, onlar ölkəyə buraxılmır”.

Ekspertin sözlərinə görə, bu qanunun qəbulu miqrantların, vətəndaşlığı olmayan əcnəbilərin Rusiyanı kütləvi sürətdə tərk etməsinə gətirib çıxaracaq:

“Rusiyada demoqrafik vəziyyət getdikcə pisləşir. Sözügedən qanun layihəsinin qəbulundan sonra isə vəziyyətin daha da pisləşməsi gözlənilir. Bir müddət sonra Rusiya vətəndaşlarının özləri bu qanunun əleyhinə çıxacaqlar. Rusiya iqtisadiyyatı uzun illərdir ki, miqrantların hesabına formalaşır. Miqrantların kütləvi şəkildə ölkədən qovulması Rusiyada işçi böhranı yaradacaq ki, bu da etirazsız ötüşməyəcək”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*