Akopyanın “Qarabağ və Yevlax” ironiyasının PƏRDƏARXASI: Erməni deputat bununla Azərbaycanın hansı uğurunu etiraf etdi?backend

Akopyanın "Qarabağ və Yevlax" ironiyasının PƏRDƏARXASI: Erməni deputat bununla Azərbaycanın hansı uğurunu etiraf etdi?

“Ermənistan parlamentinin hakim partiyasından olan deputat Qraçya Akopyanın “Qarabağ məsələsində Yevlaxa gedənlərdən soruşmaq lazımdır” cavabı əslində iki istiqamətdən qiymətləndirilə bilər. Əvvəla bu, məsuliyyətdən yayınma cəhdidir. Ermənistan hakimiyyəti və siyasətçiləri artıq Qarabağla bağlı birbaşa mövqe bildirməkdən çəkinirlər. Çünki bununla bağlı faktiki vəziyyət dəyişib. Onların Qarabağ üzərində nə hərbi, nə də inzibati təsir imkanları qalmayıb”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Polad Mehdiyev səsləndirib:

Polad Mehdiyev: 'Bu kimi səfərlər milli həmrəyliyin möhkəmləndirilməsinə  xidmət edir'

“Azərbaycan 2020-ci ildə 44 günlük vətən müharibəsi və lokal antiterror tədbirləri ilə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanaraq işğal altında olan torpaqlarını azad etdi. Bu, beynəlxalq hüququn “dövlətlərin suverenliyi və ərazi bütövlüyü” prinsipinə tam uyğun addım idi. Həm də bu proses Azərbaycanın beynəlxalq legitimliyini gücləndirdi və işğal edilmiş ərazilər üzərində dövlət suverenliyini tam təmin etdi. Bu səbəbdən deputatın cavabı məsuliyyəti üzərindən atmaq, mövzunu Ermənistan siyasətindən kənarda saxlamaq məqsədi daşıya bilər. Yəni, “bizim səlahiyyətimizdə deyil, bunu Yevlaxa gedənlərdən – yəni, Qarabağ ermənilərindən soruşun” mesajı verilir”.

Politoloqun sözlərinə görə, eyni zamanda bu cavab faktiki vəziyyətin qəbul edilməsi, Ermənistan siyasi dairələrinin reallığı qəbul etdiyinin dolayı göstəricisi sayıla bilər:

“Deputat açıq şəkildə deməsə də, Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu etiraf edir. “Yevlaxa gedənlər” ifadəsi ilə o, artıq bu mövzunun Ermənistan hökumətinin deyil, Azərbaycan dövləti ilə Qarabağ erməni icması arasında müzakirə olunduğunu təsdiqləyir.

Onu da vurğulamaq lazımdır ki, bu nəticələrin əldə olunması cənab Prezident İlham Əliyevin uzun illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasətinin nəticəsidir. Diplomatiya, hərbi güc, beynəlxalq hüquqi əsaslandırma və daxili siyasi sabitlik birləşərək Azərbaycanın milli maraqlarına xidmət etdi. Bu siyasət nəticəsində Ermənistanın Qarabağdakı iddiaları hüquqi və faktiki olaraq iflasa uğradı, Qarabağ ermənilərinin inteqrasiyası Azərbaycan dövlətinin daxili məsələsinə çevrildi və Azərbaycanın regiondakı nüfuzu və beynəlxalq mövqeyi daha da möhkəmləndi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*