Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı keçirib. O, konfransda bir çox məsələlərlə bağlı mövqeyini açıqlayıb. “Moskovskiy komsomolets” məsələnin aktuallığını nəzərə alaraq MDB Ölkələri İnstitutunun erməni bölməsinin rəhbəri Aleksandr Markarovdan müsahibə alıb.
KONKRET.az həmin müsahibəni təqdim edir:
– Sizcə, Paşinyan istefaya getməyə hazırlaşırmı?
– Əvvəla, onu deyim ki, bir ay öncə parlamentdə deputatlar qarşısında çıxış edəndə Paşinyan ilk növbədə, daxili auditoriya üçün deyil, xarici havadarları üçün vəziyyəti izah edirdi.
İkincisi, Qarabağda baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, amma yenə də vəzifəsində qalmaq üçün səbəblər tapdı. Baxmayaraq ki, müxalifət Paşinyanın istefasını tələb etməkdə davam edir. O, vəziyyətin ağırlığını hiss edir, amma hakimiyyətdə qalmaq üçün əlindəki bütün şanslardan istifadə edir.
– Şuşa ilə bağlı da sual verildi?
– Bilirsiniz, bu şəhərlə bağlı məsələ həmişə həssas olub. Sual isə ondan ibarət idi ki, azərbaycanlılar Şuşaya nə vaxt qayıdacaq? Təbii ki, sualın cavabı Paşinyanda yox idi.
– Sizcə, əsgərlər Qarabağdan Ermənistana qayıdanda İrəvandakı qarşıdurma həll oluna bilərmi?
– Eyni yanaşmanı geri qayıdan hərbçilərlə yanaşı, tərxis olunanlara da şamil etmək olar. Vəziyyətə dair hərənin öz baxışları var. Ancaq siyasi böhran onların köməyi ilə həll edilməyəcək. Baxmayaraq ki, hakimiyyət uğrunda mübarizənin indiki mərhələsində silahlı üsyan ehtimalları da var.
– Paşinyandan sonra Ermənistanın əvvəlki rəhbərliyinin tərəfdarları hakimiyyətə gələ bilərmi?
– Sonuncu parlament seçkilərində insanlar Paşinyana lehinə yox, əvvəlki hakim elitanın əleyhinə səs verdilər. Yeni şərtlər daxilində əvvəlki rəhbərliyin lehinə yenidən seçim etmək ermənistanlılar üçün çətin olacaq. Digər tərəfdən Levon Ter-Petrosyanın vaxtilə prezidentlikdən necə istefa verdiyini gördük. Amma 2008-ci ildə cəmiyyətin bir hissəsi yenidən ona inandı. Buna görə də bu barədə konkret nəsə demək çətindir.
Eyni zamanda, mövcud şərtlər daxilində erkən seçkilər də çıxış yolu kimi görünmür. Parlament idarəetmə formasını və cəmiyyətdəki parçalanmanı nəzərə alsaq, bu, ən yaxşı halda qeyri-sabit hakim koalisiyanın yaranmasına səbəb ola bilər.
Bütün hallarda baş nazirin gedişi ən yaxın vaxtda real görünmür. Bu vəziyyət ən azı dekabra qədər, yəni erməni qoşunlarının Qarabağdan tam çıxarılmasının reallaşacağı günədək uzanacaq. Çünki kimsə indiki ağır vaxtda Paşinyanın əvəzinə məsuliyyəti öz üzərinə götürmək istəməz.
“Moskovskiy komsomolets”. 16 noyabr 2020
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az