“Alınan silahlar həm Azərbaycana, həm də Rusiyaya qarşıdır”backend

"Alınan silahlar həm Azərbaycana, həm də Rusiyaya qarşıdır"

Ermənistandan istifadə edib Cənubi Qafqaza soxulmağa cəhd edən Qərb, regionda öz varlığını sübut etmək üçün müxtəlif təxribatlar törədə bilər. Rusiyanı bölgədən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxan Amerika və Avropa Ermənistana hərbi-siyasi dəstək verməklə öz planlarını həyata keçirməyi düşünürlər. Son vaxtlar tirajlanan feyk xəbərlər də Qərbin Cənubi Qafqaza daxil olmasına xidmət edir. Ermənistandakı müşahidə missiyasının sayını çoxaltmaqla regionda əməlli-başlı hərbi kontingent formalaşdırmağı planlaşdıran Avropa İttifaqı bununla Cənubi Qafqazda möhkəmlənməyə çalışır.

Məsələni KONKRET.az– a şərh edən pollitoloq Turab Rzayev bildirib ki, Avropa İttifaqı Ermənistanda bu və ya digər şəkildə öz hərbi varlığını artırmaqda maraqlıdır:

Turab Rzayev

“Hələlik bunu mülkü missiya üzərindən edir. Mülkü missiya kifayət qədər hərbiləşib və onlar arasında 80-90 nəfər Fransa jandarmı, alman polisi, Niderland, Belçika və digər ölkələrdən polis qüvvələri var.

Fransa jandarması isə Fransa ordusunun tərkib hissəsidir. Onlar Fransanın Müdafiə Nazirliyinə tabedirlər. Faktiki olaraq bu, hərbi missiyadır. İndi orada xidmət edənlərin sayı da artıb. Hətta bəzən mindən çox şəxsin olacağıyla bağlı iddialar var. Çünki 200 nəfər nəzərdə tutulsa da, daha sonradan əlavələr  olunub. Missiyalarına başlayanda ofislərinin sayı 6 idisə, indi burada da artım var. Mindən çox patrul həyata keçiriblər. Sanki hərbi kontingent formalaşdırıblar. Rusiyanın və ABŞ-ın Suriyanın şimalındakı patrul xidmətindən və hərbi reydlərindən texniki olaraq elə ciddi fərqləri yoxdur. Bunların əməllərində iki məqsəd var.

Birincisi,  Ermənistan-Azərbaycan münasibətlərində səngimə müşahidə olunsa da, avropalılar regionda yeni toqquşmanın baş verməsində maraqlıdırlar. Bilirsiniz ki, sərhədlər hələ müyyən deyil, delimitasiya, demarkasiya prosesi aparılmayıb. Ona görə də hər an təxribatlar ola bilər. Onlar baş verə biləcək təxribatları təkcə müşahidə etmək üçün bura gəlməyiblər. Onlar imkan düşən kimi müdaxilə etmək imkanlarını da götür-qoy ediblər.

Amma müdaxilə üçün hələlik onların kontingentinin sayı yetərincə deyil.  Bundan əvvəlki 40 nəfərlik müşahidəçilərin verdikləri raportlarla tanış deyilik və bilmirik onlar orada nə yazıblar. Oradakı ölkələrin Ermənistanda yerləşməsini nəzərə alsaq, böyük ehtimalla, Azərbaycanın əleyhinə qiymətləndirmə var.

İkincisi, bunlar Rusiyaya qarşı istifadə etmək üçün yerləşdirilə bilər. Çünki Qərb Ermənistanı sürətlə silahlandırır. ABŞ-la hərbi təlimlər, daha sonra Fransadan silahların, texnikaların alınması buna sübutdur. Ermənistanın Fransadan aldığı müdafiə sistemləri kimin üçün nəzərdə tutulub?

Bu, Azərbaycana da, Rusiyaya qarşı da istifadə edilə bilər. Hərbi büdcəsi çox az olan, iqtisadi problemlər yaşayan bir ölkə silahlanmaya  bu qədər vəsaiti niyə xərcləyir? Bunun bir cavabı var. Ermənistan ərazisindəki Rusiya hərbi bazasına qarşı alternativ güc formalaşdırılır. Əgər Ermənistan öz ərazisindən Rusiya bazasının çıxarılmasını tələb etsə, ona qarşı çıxan rusları cəzalandırmaq üçün ciddi addımlar atıla bilər. Bu, hələlik ehtimaldır. Amma nəzərə almalıyıq ki, Ermənistan Rusiya bazasını çıxarmaqda qərarlıdır və bu məsələdə Qərb Paşinyana açıq şəkildə dəstək nümayiş etdirir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*