“Allahdan danışan İran Qurandakı qonşuluq haqqına niyə əməl eləmir?” – MÜSAHİBƏbackend

"Allahdan danışan İran Qurandakı qonşuluq haqqına niyə əməl eləmir?" - MÜSAHİBƏ

“İran ilk növbədə Azərbaycanın güclü dövlət olmasından narahatdır”

Son günlər İranın Azərbaycana qarşı qeyri-adekvat davranışları, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, İran rəsmilərinin Azərbaycan əleyhinə aqressiv çıxışları və təhdid dolu davranışaları ilə bağlı “Orta doğu” Araşdırmalar Mərkəzinin sədri, iranşünas-politoloq Sədrəddin Soltan KONKRET.az-ın suallarını cavablandırıb.

Sədrəddin müəllim, bildiyiniz kimi, son günlər İran Azərbaycanla münasibətdə aqressiv davranışlarını daha artırıb. Hətta, İran Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlərə də start verib. Bu, nədən xəbər verir?

– İran xarici siyasətində və siyasi-ideoloji hədəflərində düşmən bildiyi ölkəni başqa dövlətlərin ərazisində qarşılama praktikası var. Məsələn, İran İsraillə müharibəni Livanda “Hizbullah” təşkilatı vasitəsi ilə, Suriyadakı təminatını Bəşər Əsəd vasitəsi ilə, Səudiyyə Ərəbistanı ilə qarşıdurmanı Yəməndəki husilər vasitəsi ilə həyata keçirir. Azərbaycanla sərhədə də İranın qoşun yığması və vəziyyəti gərginləşdirməsi bir sıra səbəblərə dayanır. Bunların ən başlıcası isə Azərbaycanın İsrail və ABŞ-la münasibətlərdə çox sıx olması və münasibətlərin müttəfiqlik səviyyəsində olmasıdır. Bu da İranı narahat edir. Hətta İran Silahlı Qüvvələri Baş Qərargah Əməliyyatlar üzrə rəisi Mehdi Rabbani Azərbaycanla İran sərhədində yerləşən 25-ci Kommandos briqadasına baş çəkərək deyib ki, İran qonşu ölkələrlə dostluq şəraitinin İsrailin xeyrinə dəyişməsinə imkan verməyəcək. Qeyd edim ki, bu, İranın Azərbaycanı özünəməxsus hədələməsidir. Həmçinin, İran generalı demək istəyir ki, guya rəsmi Tehranın Ermənistana yardım etməsi Azərbaycanın İsraillə münasibətlərinə görədir. Başqa sözlə, İran həm də İsrailə qarşı düşmənliyinin heyfini Azərbaycandan Ermənistana yardım etməklə çıxır. Onu deyə bilərəm ki, bu İranın köhnə vərdişi və oxuduğu bayatıdır.

– İranın aqressiyasında Türkiyə və Pakistan amili də dayana bilərmi?

– Əlbəttə. Bu ismarıc həm də Türkiyə və Pakistana qarşıdır. Çünki həmin ölkələr Azərbaycan ərazisində birgə təlimlər həyata keçirir, Azərbaycanla Türkiyə Xəzər dənizinin Azərbaycan sektorunda hərbi əməliyyatlar keçirir. İran da bundan qəzəblənib Azərbaycan hakimiyyətinə qarşı çıxır. Çünki Azərbaycan hakimiyyəti bəyan elədi ki, İran Azərabaycanın ərazi bütövlüyünə hörmtəsizlik edir. Bu, həm də Güney Azərbaycan türklərinə qarşıdır. Çünki onlar İran hakimiyyətinin Ermənistana qanunsuz yüklər daşıması və yardımlar etməsinə qarşı çıxır, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında İranın qanunsuz fəaliyyətini dayandırmasını tələb edirlər. Yəni, İran bununla həm də Azərbaycana başqa bir ismarıc göndərir ki, Azərbaycan İsrail və Birləşmiş Ştatlarla əməkdaşlığı artırsa, Tehran hakimiyyəti də Ermənistanla münasibətləri dərinləşdirəcək, iqtisadi əlaqələri artıracaq. Hətta, Ermənistan vasitəsi ilə Azərbaycanın işğaldan azad edilmiş və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə qanunsuz səfərlər edərək bu təzyiqi artıb. Bütün bunlara baxmayaraq, Azərbaycan nə ABŞ, nə İsrail, nə Paksitan, nə Türkiyə, nə də digər müttəfiqləri ilə münasibətləri pozacaq.

– İranın Azərbayacana hücum etməsi mümkündür?

– Təbii ki, yox! Çünki Azərbaycan İranın əlinə belə bir bəhanə verməyib, verməyəcək də. İran tərəfindən sərhəddə hər hansı bir insidentin baş verməsi, elə İranın gələcəyinə mənfi təsir göstərə bilər. Ona görə də İran hay-küy salmaqla, guya kimisə qorxutmağa çalışır, əslində isə bu, elə İranın öz narahatlğından doğur.

Azərbaycan dəfələrlə bildirib ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir təxribat və müharibə törədilə bilməz və və vədinə də sadiq qalıb. Buna baxmayaraq, İranın Azərbaycana olan aqressiyası Vətən müharibəsindəki qələbədən sonra daha da irəlilədi. Belə olan halda İran nədən narahatdır?

– İran ilk növbədə Azərbaycanın güclü dövlət olmasından narahatdır. Güclü dövlət təkcə hərbi-siyasi qüdrəti ilə deyil, həm də demorkatik yol seçən, insan haqlarının müdafiəsi ilə məşğul olan, vətəndaş cəmiyyətini gücləndirən, iqtisadi qüdrəti artan dövlətdir. Azərbycan da bu sferada inkişaf edir. Azərbaycanın bu yolda inkişafı, ərazi bütövlüyünü bərpa etməsi, həm də Güney Azərbaycan üçün impulsdur. İran da narahatdır ki, İranın qonşuluğunda Azərbaycan Respublikasının varlığı İrandakı Güney azərbaycanlılar üçün milli dövlət qurmaq baxımından örnək ola bilər. Bu isə təkcə Azərbaycan türkləri üçün yox, həm də  İranda haqları tapdanan bütün qeyri-farslar üçün keçərli ola bilər. İran həm də bundan narahatdır. Bir sözlə, Güney Azərbaycan faktoru İranı Azərbaycan Respublikasına təzyiq etməyə məcbur edir. İkinci bir tərəfdən, İranın belə bir taktikası var ki, Güney Azərbaycan milli hərəkatını Quzeydə boğmaq və Azərbaycanı zəif salmaq istəyir. Bu əvvəllər İran üçün rahat idi. Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altında idi, xeyli sayda məcburi köçkün vardı və İran da bundan istifadə edib Azərbaycanla Ermənistanı qarşı-qarşıya qoyaraq vəziyyətə nəzarət edirdi. Belə ki, gah Azərbaycana, gah da Ermənistana şərtlər irəli sürərək hər iki ölkəni təhdid edirdi. Amma indi şərtlər dəyişib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Ermənistanla Azərbaycan arasında danışıqlar üçün yeni müstəvi açılıb və iran oyundan  kənar vəziyyətdə qalıb. Yəni əvvəlki oyun qaydaları ilə bu iki dölvətin siyasətinə müdaxilə və təzyiq edə bilmir. Ona görə də İran ya yeni şərtlərlə ayaqlaşmalıdır, ya da cığallığa davam etməlidir. Cığallığa davam etməsi isə İranın öz əleyhinə olacaq. Çünki iqtisadiyyatı onsuz da güclü olmayan dövlətin Azərbaycan kimi ölkə ilə münasibətləri pozması İrana çox ciddi şəkildə baha başa gələ bilər.

Onu da qeyd edim ki, həmçinin Azərbaycandan da İrana təhlükə gözlənilmir. Çünki İran əhalisinin əksəriyyəti Azərbaycan türküdür və Azərbaycan Respublikası öz soydaşlarına silah tuşlamaz. İkinci bir tərəfdən, İranın əhalisi müsəlmandır. Üçüncü bir tərəfdən, İran Azərbaycanın qonşusudur. Azərbaycan bu üç prinsipə görə, İrana qarşı hərbi əməliyyatlar həyata keçirməz.

Maraqlı bir məqam isə İranın aqressiv siyasətinin artdığı bir vaxtda, İrana meyilli olan şəxslərin də aktiv fazaya keçdiyini müşahidə edirik. İstər şəhidlərin anım mərasimində, istər müxtəlif təşkilatlar adı altında bu insanların aktiv fəaliyyətə keçdiyini müşahidə edirik. Bəs, bu nədir? İranın təhdidi, ya təxribatıdır?

– İranyönümlü insanlar hesab edirlər ki İran çox qüdrətli dövlətdir, İranın küçələrindən İslam axır, İran ayətullahları da imam övladlarıdır və.s. Ona görə də onları dəstəkləyən insanlar var. Məsələn, necə ki, Rusiyanın və Qərbin Azərbaycanda 5-ci kolonları var, eyni ilə İranın da 5-ci kolonu var. Onlar da guya İranda fəaliyyət göstərən “zeynəbçilər”, “hüseynçilər” və ya digər müxtəlif təşkilatları burda yaratmaqla, guya təşkilat yaradırlar. Bu oxşar təşkilatlardan İranda da var. Lakin onların fəaliyyəti hələ indi üzə çıxır. Lakin sual yaranır: Bəs, bu insanlar Azərbaycanın Vətən müharibəsində niyə küçələrə çıxmadılar? İranın Ermənistana yardımlarını niyə pisləmirdilər? Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azəbaycan ərazilərində İranın qanzunsuz əməllərinə niyə etiraz etmirdilər? Lakin bəzi insanlar bizim tənqidlərimizə dözümsüz yanaşıb, guya Azərbaycanda İrana qarşı çıxanların olduğunu deyirlər. Azərbaycanda İrana qarşı çıxanlar yoxdur, İran hakimiyyətinin Azərbaycana qarşı tutduğu mövqeni pisləyənlər var və bu, düşmənçilik deyil. Bu, “qonşu haqqı, tanrı haqqı” prinsipinə əməl etməkdir. Lakin İran Allahın qoyduğu  qonşuluq haqqını pozur. Həmin İranyönümlülər də Azərbaycanda İranın yaramaz hərəkətlərini ört-basdır etmək üçün fəaliyyət götərirlər.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*