Alman əsirinin “Düşərgə gündəliyi”nin SİRRİ – FOTOLARbackend

Alman əsirinin "Düşərgə gündəliyi"nin SİRRİ  - FOTOLAR

Mingəçevir Tarix Muzeyində nümayiş olunan alman əsirinin “Düşərgə gündəliyi”nin tərcümə olunmasına ehtiyac var.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, muzey ziyarətçilərinin marağına səbəb olan gündəlik 1945-1950-ci illər ərzində Mingəçevir Su Elektrik Stansiyasının tikinti işlərinə cəlb olunmuş 10 mindən çox alman əsirindən biri olan Villi Deş tərəfindən qələmə alınıb, həm də əsirlik dönəmində. Sonradan azad olunaraq Almaniya Demokratik Respublikasına dönən Villi gündəliyi “Düşərgə gündəliyi” adı ilə nəşr etdirib.

Ötən əsrin 90-cı illərində 4 keçmiş əsir yoldaşı ilə Mingəçevirə gələn Villi Deş şəhərdəki alman qəbiristanlığını, tikintisində iştirak etdikləri obyektləri və məskunlaşdıqları düşərgə yerlərini ziyarət edib geri dönərkən Almaniyada nəşr etdirdiyi gündəliyin bir nüsxəsini də şəhər Tarix Muzeyinə hədiyyə edib. O zamandan bəri gündəlik muzeyin əcnəbi və yerli ziyarətçilərinin böyük marağına səbəb olub. Bunu nəzərə alan əməkdaşlar alman dilli mütəxəssislərdən olan filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun köməyi ilə “Düşərgə gündəliyi” haqqında  ziyarətçilərə ümumi də olsa maraqlı məlumatlar çatdırıblar.

Muzeyin direktoru Nofər Məmmədəliyevin sözlərinə görə, gündəlikdə almanların əsir vaqonlara mindirildikləri andan Mingəçevirdən gedənədək ən dolğun məlumatlar öz əksini tapıb; hansı ilin hansı ayında (1945-1948-ci illər nəzərdə tutulur) şəhərə nə qədər əsir gətirilib, onların neçəsi ölü, neçəsi ölümcül vəziyyətdə şəhərə yetişib, sonrakı həftələr kimlər hansı xəstəliklərdən dünyasını dəyişib, yaxud başqa bölgələrdəki tikintilərə cəlb olunub və s.

Ən əsası isə almanlar əsirlikdən sağ-salamat vətənlərinə dönə bildikləri üçün Azərbaycan türklərinə (azərbaycanlılara) minnətdar olduqlarını bildiriblər. Hətta gündəliyin giriş hissəsində Villi Deş yazır:

“Moskvada ac-yalavac, halsız durumda Kursk vağzalında vaqonlara mindirib yola saldılar. Ukraynaya çatdığımızı, buradan isə Azərbaycana yola salınacağımızı dedilər. Aclıq və xəstəliyimizi unutduq. Hamı sevinirdi, çünki bizi Qafqaza, Azərbaycana, türklərin ölkəsinə aparırdılar… Beləcə ac və yarımcan halda Bakıya, Nasosnu stansiyasına gəlib çatdıq. Türklər bizə çörək və siqaret atırdı. Çox xoşbəxt idik ki, bizi bu insanların arasına gətiriblər. Onlar xeyirxah, ürəyiaçıq, əliaçıq və qonaqpərvər insanlar idi”.

Nofər Məmmədəliyevin sözlərinə görə, xalqımızın ünvanına yazılmış belə xoş ifadələr gündəlikdə yetərincədir: “Azərbaycan-Almaniya dostluğunun möhkəmlənməsinə önəmli töhfə verə bilər. Təəssüf ki, çox arzulayıb müraciət etsək də əsir gündəliyi alman dilindən nə Azərbaycan, nə də fərqli xarici dillərə tərcümə olunub”.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*