Almaniyanın Federal prokurorluğu ölkənin Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşını dövlətə xəyanətdə şübhəli bilərək həbs edib.
KONKRET.az “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə ilk yazan “Spigel” nəşri olub.
Daha sonra məlumatı Almaniya prokurorluğu da təsdiqləyib.
İddia olunur ki, Almaniya vətəndaşı L.Karsten Almaniya Federal Kəşfiyyat Xidmətində 2022-ci ildə işləyərkən peşəkar fəaliyyətində əldə etdiyi məlumatları Rusiya kəşfiyyat xidmətinə ötürüb. Onun konkret olaraq hansı tip məlumatları çatdırdığı dövlət sirri olduğuna görə açıqlanmayıb.
Müttəhim bu gün Federal Ali Məhkəmənin qarşısına çıxıb.
“Spiegel” yazır ki, Almaniya Federal Kəşfiyyat Xidməti əməkdaşlardan birinin dövlətə xəyanət etdiyini bilib və rəsmi araşdırmaya başlayıb. Qəzet qeyd edir ki, orada baş verən hadisə çox ciddi qəbul edilir və onlar təfərrüatları açıqlamaqdan imtina edirlər.
“Bu halda, konkret təmkin və ehtiyatlılıq çox vacibdir. Rusiya məsələsində biz qarşı tərəfdə olan bir qurumla işləyirik, onun vicdansızlığı və zorakılıqdan istifadə etməyə hazır olması ilə hesablaşmalıyıq”, – BND rəhbəri Bruno Kahl deyib.