Yanvarın 19-da Almaniya vətəndaşlığının alınmasını asanlaşdıran qanun layihəsi Bundestaqda yekun oxunuşdan keçib.
KONKRET.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Hökumət vətəndaşlıq haqqında qanuna dəyişikliklər layihəsini 2023-cü il noyabrın 1-də parlamentə təqdim edib. Noyabrın 30-da Bundestaq, digər məsələlərlə yanaşı, ilk vətəndaşlığından imtina etmədən Alman pasportunu əldə etməyə imkan verən hökumət qanun layihəsinin ilk dinləməsini keçirib.
Dəyişikliklər rəsmi dərc edildikdən üç ay sonra – aprelin 1-də qüvvəyə minəcək.
Təsdiqlənmiş qanun layihəsi əcnəbilərin Almaniyada vətəndaşlığa qəbulunu sürətləndirmək üçün nəzərdə tutulub: düzəlişlərə əsasən, bunun üçün ölkədə hazırkı səkkiz il deyil, beş il yaşamaq tələb olunacaq. İnteqrasiyada alman dilini yaxşı bilmək,könüllü fəaliyyətlərdə iştirak etmək və ya peşəkar uğur və keyfiyyətlər nəzərə alınaraq müddət üç ilə də endirilə bilər.
Bundan əlavə, Almaniya vətəndaşlığını almış əcnəbilərə əvvəlki pasportlarını saxlamağa icazə veriləcək. Almaniyada doğulmuş əcnəbilərin uşaqları isə avtomatik olaraq Almaniya vətəndaşlığını alacaqlar. Hal-hazırda bu, yalnız valideynlərdən biri Almaniyada səkkiz ildən artıq yaşadıqda mümkündür
Burhan,
KONKRET.az