“Almaniya üçün Alternativ” partiyası Yaxın Şərqdəki münaqişə fonunda hökuməti və İsraili tənqid etdi
KONKRET.az xəbər verir ki, Almaniyanın sağçı və populist siyasi partiyası olan “Almaniya üçün Alternativ” (AfD) rəhbərliyi İsraili Yaxın Şərqdəki gərginliyi alovlandırmaqda və Avropanı fəlakətə sürükləməkdə ittiham edib. Eyni zamanda partiya Almaniya kansleri Fridrix Mersin İsrailə verdiyi dəstəyə görə ona qarşı kəskin çıxışlar edib.
Partiya liderləri – 46 yaşlı Alisa Vaydel və 50 yaşlı Tino Xrupalla verdikləri proqram xarakterli bəyanatda İsrailin özünü müdafiə hüququnu tanımayıb və faktiki olaraq Təl-Əvivin düşmənləri ilə eyni mövqedə dayanıblar.
AfD-nin bəyanatında İranın nüvə təhdidinə, terrorun maliyyələşdirilməsinə və Tehranın İsraili xəritədən silmək çağırışlarına heç bir toxunuş yer almayıb. Əvəzində yalnız Almaniyanın təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə olunub.
“İsrail və İran arasında hərbi əməliyyatlar Yaxın Şərqdəki vəziyyəti daha da kəskinləşdirir. Bu eskalasiya bizi narahat edir və Almaniya, Avropa və dünyanın təhlükəsizliyinə təhdiddir”, – deyə bəyanatda bildirilib.
AfD rəhbərliyi xüsusilə kansler Mersin “İsrail bizim yerimizə İranda çirkli işi görür” ifadəsinə sərt reaksiya verərək bu sözləri “qəbuledilməz” və “Almaniyanın nüfuzuna zərbə” adlandırıblar.
Xristian-Demokratlar İttifaqının (XDU) xarici siyasət üzrə eksperti Pol Zimiak isə AfD-ni sərt şəkildə tənqid edib: “AfD rəhbərliyi Almaniya kanslerinin sözlərindən daha çox qəzəblənib, nəinki islamçı rejimin real hərəkətlərindən. Bu, siyasi özünüifşadır. Onlar terroru maliyyələşdirən və Almaniyanın təhlükəsizliyinə birbaşa təhdid olan şəriət diktaturasına qarşı heç nə demirlər”.
Zimiak əlavə edib ki, bu mövqe Almaniyanın maraqlarının müdafiəsi deyil, demokratiyanın düşmənləri qarşısında kapitulyasiyadır: “Əgər sən radikal islamçıları qınamırsansa, deməli, tarixin hansı mərhələsində olduğunu anlamamısan”.
Qeyd edək ki, AfD daxilində uzun müddətdir ideoloji qarşıdurma mövcuddur. Qərb dəyərlərinə və radikal islamla mübarizəyə sadiq olan fraksiya hazırda arxa planda qalıb. Partiyanın Türingen bölməsinin lideri, radikal mövqeləri ilə tanınan Byörn Hökenin təsirində olan millətçi qanad mövqeyini möhkəmləndirib.
Bu fraksiya İsraili aqressiyanın qurbanı yox, mənbəyi kimi görür. Nəticədə “qüdrətli yəhudi dövləti”nin qlobal prosesləri manipulyasiya etməsi ilə bağlı mif bu gün AfD-nin siyasi ritorikasının bir hissəsinə çevrilib.
Partiyanın ideoloji yönünü Qərbyönümlü kursdan Moskvaya, Tehrana və Dəməşqə baxan anti-liberal mövqeyə dəyişməsi Avropa diplomatik dairələrində ciddi narahatlıq doğurub. Bu dəyişiklik AfD ilə Qərb təhlükəsizlik konsensusu arasında artan uçurumu bir daha gündəmə gətirib.
Natiq Səlim,
KONKRET.az