Almatıda Abayın mənəvi irsinə həsr olunan beynəlxalq konfrans keçirilib - FOTO
51
Almatıda qazax xalqının böyük şairi və mütəfəkkiri Abay Qunanbayulunun 180 illiyinə həsr edilən “Böyük Şair Abayın İrsi və Türk Dünyasında Mənəvi Davamlılıq” adlı beynəlxalq konfrans təşkil olunub.
KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, tədbir Türk Akademiyası ilə Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının birgə əməkdaşlığı çərçivəsində gerçəkləşib.
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir
Konfransda Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev, diplomatik nümayəndəliklərin təmsilçiləri, dövlət və ictimai xadimlər, həmçinin ədəbiyyat və dilçilik sahəsində tanınmış alimlər iştirak ediblər. Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Aqılbek Kürişbayev isə iştirakçılara videomüraciət ünvanlayıb.
Konfrans çərçivəsində Türk Akademiyası tərəfindən Abayın yubileyinə xüsusi hazırlanmış yeni nəşrlər təqdim olunub. Onların sırasında, 1954-cü ildə Bakıda kiril əlifbası ilə nəşr olunduqdan sonra bir daha çap edilməyən Muxtar Auezovun “Abay” romanının latın qrafikası ilə Azərbaycan türkcəsində yeni nəşri; ortaq türk əlifbası ilə nəşr edilən Abay Qunanbayulunun “Qara Sözlər”i və tanınmış tədqiqatçı Qayım Məhəmmədhanovun “Abayın Varisləri” adlı əsərinin türkcə tərcüməsi yer alıb.
Türk Akademiyasının prezidenti professor Şahin Mustafayev konfransdakı çıxışında Abayın yalnız qazax xalqının deyil, bütün Türk mədəniyyətinin ortaq dəyəri olduğunu vurğulayaraq, “Yeni nəşrlər böyük mütəfəkkirin xatirəsinə ehtiram nümunəsi olmaqla yanaşı, Türk Dünyasında mədəni birliyi və davamlılığı möhkəmləndirmə yolunda mühüm addımdır”, – deyib.
Konfrans Türk Dünyası tədqiqatçıları arasında fikir və elmi işlərin mübadiləsi, həmçinin əməkdaşlığın gücləndirilməsi üçün mühüm bir platforma rolunu oynayıb.