
2023-cü il aprelin 14-dən 15-dək Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin dəstəyi ilə Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VI Baş Assambleyasının iclası keçiririlib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Əl-Farabi Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev, Türk Dövlətləri Təşkilatının Budapeşt Nümayəndəliyinin icraçı direktoru Yanoş Hovari, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Kunsulu Zəkərya, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Kanatbek Abdrahmatov, Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər, Monqolustan Elmlər Akademiyasının prezidenti Raqdel Duger, Başqırdıstan Respublikasının (RF) Elmlər Akademiyasının prezidenti Kamil Ramazanov, Tatarıstan Respublikası (RF) Elmlər Akademiyasının vitse-prezidenti Daniya Zagidullina, Özbəkistan Respublikası Elmlər Akademiyasının baş elmi katibi Qayrat Bahadırov, eləcə də qardaş ölkələrin bir sıra ali məktəblərinin rektorları və tanınmış alimlər iştirak ediblər.
İclas çərçivəsində SNANTM-də hazırkı sədrlik Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasından Tatarıstan Milli Elmlər Akademiyasına keçib.
İclasda türk dövlətləri arasında elmi əməkdaşlığın aktual məsələləri müzakirə edilib.
Həmçinin türk ölkələrinin elmi ictimaiyyətləri arasında humanitar elmlər sahəsində qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi, türk xalqlarının ortaq tarixinin, dillərinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsinə dair fikir mübadiləsi aparılıb.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı iştirakçılar Türk Akademiyasının səlahiyyət dairəsinin təbiət və texniki elmlər hesabına genişləndirilməsinin məqsədəuyğunluğunu qeyd ediblər.
İclasın sonunda iştirakçılar yekun sənədi qəbul edib, həmçinin Birliyin növbəti iclasının yerini və vaxtını dəqiqləşdiriblər.
Qeyd edək ki, SNANTM 2015-ci il iyunun 29-da Tatarıstan Respublikası Elmlər Akademiyasının təşəbbüsü ilə Astanada təsis edilib.
KONKRET.az