“Mən 1975-ci ildə ABŞ-a getdim. İndiki ağlım olsaydı, getməzdim. Çünki indi vəziyyət burada daha ağırdır. Çətinliklərin öhdəsindən gəlmək asan deyil, xüsusən tək olduğunuz zaman. Dünyanın hər yerindən ABŞ-a gəlirlər. İş tapmaq indi çox çətindir”.
KONKRET.az xəbər verir ki, bu sözləri uzun illərdir ABŞ-da yaşayan erməni musiqiçi və skripkaçı Jirayr Svazlyan bildirib.
Jurnalistin ona “Siz Ermənistana gələndə atanız “Mühacirət” tamaşasını yazaraq vurğulayırdı ki, ermənilər Ermənistana gəlməlidirlər, çünki bu, onların xilasıdır. Ermənilərin xilasını nə hesab edirsiniz?” sualına o, belə cavab verib:
“Bütün ermənilər Ermənistana qayıdacaq və bura dünyanın ən yaxşı ölkəsi olacaq. Mən buna əminəm. Amma orda-burda siyasi dalğalar daim dəyişir. Xüsusilə ABŞ-da vəziyyət indi çox pisdir və yaxşılaşmağa ümid yoxdur. İlin 7 ayı Ermənistandayam, orada işim yoxdur. Nə olursa olsun, yad ölkədəsən, özünü əcnəbi hiss edirsən”.
Natiq Səlim,
KONKRET.az