Anamı korona öldürmədi, onu… – ADU-nun müəllimibackend

Anamı korona öldürmədi, onu... – ADU-nun müəllimi

Nə iki gün, nə iki həftə, nə də hətta iki ay sərt karantin – heç nə koronavirus pandemiyasından qorunmağa kömək etməz – o vaxta qədər ki, onun mövcudluğuna dair şübhələr xəstəliyin özündən daha sürətli yayılacaq. Çünki hələ bu yaxınlarda ölkəmizdə COVİD-lə bağlı statistikada biz ikirəqəmli ədədləri görürdük, bu gün artıq gündəlik yoluxanların sayı 400-dən çoxdur. Bu isə o deməkdir ki, hər gün səhiyyə sisteminə bizi xilas etmək daha da çətinləşir. Bu inamsızlıq, laqeydlik isə ona gətirib çıxarır ki, xəstəxanalarda yerlər azalır, süni tənəffüs aparatları çatışmır, kömək edə biləcək əllər, güc yetmir və nəhayət, ən başlıcası – zaman yetmir.

Dünənə qədər çoxlu sayda insan bu ölümcül virusa yoluxan heç olmasa bir real tanış adam göstərməyi tələb edirdisə, bu gün bu aqressiv səslər nisbətən azalıb. Çünki COVİD-19 hər kəsin qapısına yaxınlaşıb, kiminsə artıq evinə də girə bilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı çox kədərli və ibrətamiz bir hadisəni Axar.az-a ADU-nun müəlliməsi Səbinə Əliyeva danışıb.

1955-ci il təvəllüdlü Səbinə xanımın anası artıq üç gündür ki, mövcudluğuna belə inanmadığı virusdan dünyasını dəyişıb:

– İlk günlərdən həyat yoldaşım və mən koronavirusun şiddətini başa düşdük, çünki bütün simptomlar 2019-cu ilin mart ayında rəhmətə gedən qohumumuzun simptomları ilə üst-üstə düşdü. 2020-ci il martın 3-dən etibarən imunitetimizi qorumaq üçün antiseptiklər, maskalar, əlcəklər və vitamin kompleksləri aldıq. Bu virus məhz zəif immunitetdə ölümcül olur. Bunu mənə Koreya, Türkiyə və Gürcüstandan olan həkimlər dedilər. Özümüzü və yaxınlarımızı bu virusdan qorumaq üçün ilk günlərdən normal həyatımızı dəyişəsi olduq. Biz yuxarıda sadalananların bir neçə dəstini ərimin yaşlı valıdeyinlərinə və mənim anama aldıq. Həyat yoldaşımın valideynləri bizimlə razılaşdılar və həqiqəti qəbul etdilər, amma anam və bacım bununla özlərini qorxutmaq istəmədi.

Anam müəllimlik işi ilə bağlı çox fəal qadın idi. O, virusun mövcudluğuna belə inanmırdı, baş verənləri isə “qlobal siyasi oyun” adlandırırdı. Amma mən təslim olmurdum, min bir bəhanə ilə anamı gözəl təbiəti olan bir bölgəmizə göndərdim. Artıq anamdan sakit idim, onu təcrid edə bilmişdik. Mənim inadkar bacım da evdə oturmağa məcbur oldu. Özünə görə də olmasa, bətnindəki uşağa görə risk etmirdi. Bütün işlərimizi onlayn rejimə keçirdik. Virtual dərslər yaradıldı, orada mühazirələr oxuyurdum. Amma məni bütün ətrafım, tələbələrim qorxudurdu. Onlar ümumiyyətlə heç bir karantin qaydalarına riayət etmirdilər. İnsanlar bu qaydalara riayət edənlərə dəli kimi baxırdılar.

30 gündən sonra anam şəhərə qayıtmaq qərarına gəldi, çünki bacım artıq doğuşa hazırlaşırdı. Bu prosses karantinin ilk yumşalma zamanına təsadüf etdi. Anam şəhərə qayıtdı və dərhal bacımın evinə getdi. Mən bunu eşidəndə çox əsəbiləşdim, amma məni “panikaçı” adlandırdılar. Aprel ayında mənim bacımın övladı anadan oldu. Biz dərhal klinikaya getdik. Orada gördüklərim məni çox təəccübləndirdi. Maskalı, əlcəkli insan yox, antiseptik üçün dispenser boş…

Heç kimin temperaturu ölçülmürdü, gözləmə otağında insanlar arasında məsafəyə riayət olunmurdu. Hamı mənə və yoldaşıma elə baxırdı ki, elə biz yadplanetliyik. Bu, məni çox narahat edirdi.

Dəhşətli bir mənzərəni marketlərdə də müşahidə elədim. Qucaqlarında körpələri olanlar, 65 yaşdan yuxarı insanlar maskasız və əlcəksız vitrinlərin arasında dolaşırdı. Mağazalarda antiseptiklər yoxa çıxdı. Məsafəni gözləmirdilər, hətta kassa önündə olan məhdudlaşdırma haqqında döşəməyə çəkilmiş stikerlərə də məhəl qoymurdular. Gündə bir neçə dəfə ana və bacım ilə bu virusun dəhşəti barədə danışırdım, amma təəssüf ki…

Bu inamsızlıq bizim üçün faciə ilə nəticələndi. Bizim dərdli günlərimiz başladı. Mayın 28-dən etibarən anam ictimai nəqliyyatdan istifadə etməyə başladı. İyunun 6-da onun temperaturu yüksəldi – 37.6 oldu, boğazı ağrıdı. Ayın 7-də bütün bədəni agrımağa başladı. Temperatur artıq 38.3 idi. Bir gün sonra temperatur 38.9-a yüksəldi, iştahı tam çəkildi və qismən dad itkisi yarandı. 9 iyunda anamın temperaturu 39-a çatdı, güclü ağrıları var idi. Bütün bunlar hələ də anamı qorxutmurdu. O deyir di ki, bu adi mövsümi qripdir, keçib gedəcək. Mən onun özünü müalicədən imtina etməsini və təcili yardım çağırmasını xahiş etdim, amma o, dəstəyi asdı. Səhəri gün mən və yoldaşım onun yanına gəldik. Vəziyyəti həddən artıq pis idi. Hərarəti 40-ı keçmişdi. Hərəkət belə edə bilmiedi. Təcili tibbi yardım çağırdıq, həkimlər anamdan analiz götürdülər. Ayın 16-sı vəziyyət daha da pisləşdi. Anamı böyük çətinliklə xəstəxanaya yerləşdirə bildik. Xəstəxanaya yerləşdirildikdən sonra anam məni çağırdı və yaxşılaşdığını söylədi, amma daha sonra ortaya çıxdı ki, bu, qısamüddətli yaxşılaşmadır. Artıq vəziyyət o həddə çatdı ki, anam mənə dedi: “Qızım, sən haqlı idin, mən bunu gec anladım, məni xilas edin…”

Ayın 18-də həkimlər mənə həyatda eşitdiyim ən pis sözləri dedilər: “Təəssüf, ananızı xilas edə bilmədik”.

Beləliklə, anam (bu virusa inanmayan, maskanı çənəsinə geyən, əlcəksiz gəzən insan) məhs koronavirusdan rəhmətə getdi. Mənim anamı COVİD-19 yox, inamsızlıq öldürdü…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*