1969-cu il sentyabrın 22-də Sovet İttifaqında rejissor Samson Samsonovun “Mosfilm” kinostudiyasında çəkilmiş “Hər axşam saat on birdə” filminin premyerası oldu. Ssenari Edvard Radzinski tərəfindən Azərbaycan yazıçısı Anarın “Mən, sən, o və telefon” hekayəsi əsasında yazılmışdı. Bu, Seymur adlı bir gənc üçün son dərəcə vacib olan təsadüfi telefon tanışlığı haqqında hekayədir. Hekayə müdrik, bir az kədərli, lakin çox parlaqdır.
Həmin illərdə məşhur olan Marqarita Volodina və Mixail Nojkinin baş rolları canlandırdığı film böyük populyarlıq qazanmışdı. Mixail Nojkin bu filmi çox sevdiyini dəfələrlə etiraf etmişdi. “Tamaşaçı dalğası fantastikdir. Kisə-kisə məktublar alırdıq. Tamaşaçılar tərəfindən beş-altı dəfə izlənilirdi”, – deyə xatırladaraq, hekayənin insanlara, münasibətlərin saflığına toxunan əsər olduğunu vurğulamışdı.
1967-ci ildə Anarın əsəri əsasında Mossovet Teatrının aparıcı aktyorları Vadim Beroyev, İrina Kartaşeva, Mixail Poqorjelskinin rollarını ifa etdiyi radio tamaşası yaradılmışdı. “Mən, sən, o və telefon” Türkiyədə də səhnəyə qoyulub. Bakıda isə “Telefon gecələri” verilişinin rejissoru Ramiz Həsənoğlu olub.
Bu il Anarın povesti əsasında hazırlanan tamaşa Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 102-ci mövsümünün Bakıda ilk premyerası olub. Tamaşaya Azərbaycanda anadan olmuş rejissor Ərşad Ələkbərov dəvət olunub, 2009-cu ildə Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasını bitirib, Rusiya, Azərbaycan və Qazaxıstan teatrlarında çalışır.
2017-ci ildə Səməd Vurğun Teatrının səhnəsində Yevgeni İoneskonun “Kral ölür” pyesi əsasında “Mərasim”i tamaşaya qoyub. Rejissorun sözlərinə görə, “Mən, sən, o və telefon” hər yaşda olan tamaşaçılar üçün başa düşülən universal hekayədir.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az