Hollivud ulduzu Ancelina Coli Kambocada əvvəllər ovçuluq üçün istifadə olunan 60 min hektar ərazini satın alaraq, buranı vəhşi təbiət üçün sığınacağa çevirib. Aktrisa bu torpaqlarda ovçuluğu tamamilə qadağan edib.
KONKRET.az xəbər verir ki, ərazidə ovçuluqla dolanan yerli sakinləri işsiz qoymaq əvəzinə, Coli onları meşə gözətçisi kimi işə götürüb. İndi həmin şəxslər heyvanları ovlamır, qoruyurlar – həm də maaş alaraq.
Coli və onun sabiq həyat yoldaşı, aktyor Bred Pitt Namibiyadakı Naankuse Natural adlı vəhşi təbiəti qoruma mərkəzinə 2 milyon dollar ianə də ediblər. Bu mərkəz tənha və yaralı vəhşi heyvanlara yardım edir.
Qeyd edək ki, Ancelina Coli heyvan hüquqlarına həssas münasibətini filmlərinə də yansıdır. O, çəkildiyi ekran işlərində heyvan dərisindən hazırlanan geyimlərdən istifadə etməyi rədd edir və daim pambıq və ya sintetik parçalardan hazırlanmış məhsullara üstünlük verir.
Natiq Səlim,
KONKRET.az