“Türkiyənin mövqeyi Ukraynada sülhü təmin etmək və münaqişəyə son qoymaqdır”.
KONKRET.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə Türkiyənin müdafiə sənayesi idarəsinin başçısı İsmayıl Dəmir deyib.
İsmayıl Dəmir son durumlar fonunda Türkiyənin Rusiyanın “S-400” raketlərindən imtina edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb:
“Türkiyə ABŞ və ya NATO-nun təzyiqi ilə “S-400″ zenit-raket sistemlərindən imtinanı düşünmür. Bu, bizim üçün müzakirə mövzusu deyil. Bu məsələni keçmişdə müzakirə etmişik, indi isə sadəcə olaraq Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk”.
Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa da qəzetə fikirlərini bölüşüb:
“Mən Türkiyənin “S-400″lərdən imtina edib onları Ukraynaya verməsi üçün heç bir səbəb görmürəm. Bu, onların nəyinə lazımdır? Bu komplekslər onların işinə “Patriot”dan daha çox yarayır. Düşünürəm ki, Türkiyə Amerikanın sözü ilə hərəkət etməyəcək”.
Xatırladaq ki, Pentaqon ABŞ-ın Türkiyənin “beşinci nəsil F-35 qırıcılarının istehsalı üzrə proqrama qayıtması” və sanksiyaların ləğvi müqabilində Kiyevə “S-400” zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı Ankara ilə danışıqlar apardığını təsdiqləyib.
Vəsilə İbrahim,
KONKRET.az