İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “prezidentlik etmiş” Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədovanın suallarını cavablandırıb.
KONKRET.az AZƏRTAC-a istinadən bildirir ki, B.Sahakyan ifadəsində 2016-cı ildə baş vermiş, şərti olaraq Aprel döyüşləri adlandırılan hadisələr barədə suallara cavabında həmin vaxt əməliyyatlara kimlərin rəhbərlik etdiyini açıqlayıb. Məlum olub ki, həmin vaxt Ermənistan tərəfdən əməliyyatlara Ermənistanın müdafiə naziri general-polkovnik Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturov və Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin – qondarma rejimin “ordusunun komandanı” Levin Mnatsakanyan rəhbərlik edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.