Arayik Arutyunyanın “dindirilməsinin” səbəbləri bəlli oldu – DETALLARbackend

Arayik Arutyunyanın "dindirilməsinin" səbəbləri bəlli oldu - DETALLAR

Bu barədə dəfələrlə yazmışam. Amma yenə təkrarlamaq məcburiyyətindəyəm. Çünki  məsələ olduqca ciddidir. Milli mətbuatımız əsas missiyasından sapmaqda davam edir.

Mətbuat son illər özünün əsas missiyalarından – maarifləndirmək, əyləndirmək və xəbər vermək vəzifələrindən çox uzaq düşüb. Və bəlkə də buna görədir ki, çoxlarımız mətbuata maarifçilik nöqteyi-nəzərindən baxmırıq. Ən yaxşı halda mətbuata əyləncə yeri kimi qəbul edirik. İnsanlar yalnız boş vaxtlarında rəsmi mətbuata üz tuturlar. Necə deyərlər, öyrənmək üçün yox, əylənmək üçün mətbuata müraciət edirlər. Çünki bu gün əhalinin əsas informasiya mənbəyi sosial şəbəkələrdir. O sosial şəbəkələrin ki, orda yayımlanan xəbərlərin tam əksəriyyətinin konkret mənbəyi və əsası yoxdur. Amma bununla belə hamı bu gün sosial şəbəkələrdədir. Bu da ondan irəli gəlir ki, əksər insanlar mətbuatdan istədiklərini ala bilmirlər.

Çünki mətbuatımız oxucu yox, sensasiya axtarır. Hər yazı da sensasiya doğurmur. Və nəticədə oxucu qeyri-ciddi mətbuatdan üz döndərir. Məsələn, fevralın 12-də bəzi erməni mətbuatı xəbər yaydı ki, guya “Azərbaycanın rəsmi nümayəndəsi separatçıların lideri Arayik Arutyunyanla görüşüb. Bu barədə də erməni mediasına Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan açıqlama verib.

Avanesyan deyib ki, görüşdə humanitar məsələlər müzakirə edilib. Əsirlərin qaytarılması, itkin düşənlərin axtarışı, onların taleləri və s. Onun sözlərinə görə, söhbət əsasən keçən əsrin 90-cı illərindəki hərbi əməliyyatlardan sonra taleyi naməlum qalan vətəndaşlardan gedib. Avanesyan deyib ki, müzakirələrin təfərrüatları hələlik açıqlanmır”.

Ermənilərin bu məlumatına Azərbaycan mətbuatı həmən reaksiya verdi. Əksər elektron KİV-lər xəbəri yayımlamaqla yanaşı öz şərhlərini də əlavə etdilər. Verilən şərhlər isə qeyri-ciddi olmaqla yanaşı həm də savadsız yanaşma idi. Məsələn, 30 illik təcrübəsi olanq qəzetlərdin birinin ermənilərin məlumatına yanaşması məni xeyli təəccübləndirdi. Qəzet yazır: “Müstəqil mənbələrdən maraqlı detallar əldə etmişik. Məlum olub ki, əslində söhbət görüşdən yox, Azərbaycan tərəfinin tələbi ilə Arayik Arutyunyandan cinayət faktı üzrə onda olan məlumatlar haqqında ifadə almaqdan gedir.

Erməni mənbələrinin yaydıqları xəbərdə də vurğulanır: mövzu 90-cı illərdə, Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəxslərin talelərindən gedir. Erməni mediasının “görüş” dediyi prosedurda da söhbətin ancaq bu barədə getdiyi etiraf edilir.

Sitat: “Söhbət 90-cı illərdəki hərbi əməliyyatlar zamanı taleyi bilinməyən mülki vətəndaşlardan gedirdi. Müzakirələrin təfərrüatlarının hələ açıqlanmayacağı bildirildi…” (Sputnik Armenia)

Məsələ bundadır ki, Azərbaycan əlində olan erməni terrorçularının (rəsmi rəqəmlərə görə 62; amma 140 nəfər iddiası da vardır) geri verilməsi üçün Ermənistan qarşısında şərtlər qoyub. Bu şərtlərdən biri də budur ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, əsir götürülmüş minlərlə mülki azərbaycanlının (4000 civarında) taleyi haqqında məlumat verilsin, onları qətlə yetiriblərsə, kütləvi dəfn olunduqları ərazilərin xəritələri verilsin.

Məlumata görə, Ermənistan Azərbaycanın bu qəti tələbini qəbul edib. Bununla bağlı Azərbaycanın nəzarəti ilə istintaq hərəkətləri başladılıb. Üstəlik də bu prosesə Ermənistan xüsisi xidmət orqanının yeni rəhbəri Armen Abazyan özü başçılıq edir. Onun Rusiya sülhməramlılarının rəhbəri R. Muradovun və Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçilərinin iştirakı ilə Arayik Aryutyunyan da bu mövzuda (ehtimalən məlumatlı şəxs qismində) dindirilib. Proses Rusiya sülhməramlılarının məsuliyyət zonasında həyata keçirilib. Cani Arayik Arutyunyan azərbaycanlı itkin mülkilərlə bağlı dindirilib”.

Yeri gəlmişkən deyim ki, bir çox nəşrlərimizin qədimdən qalma bir şakərləri var. Xəbərləri oxucuya sırımaq üçün müxtəlif priyomlar işlədirlər. “Etibarlı mənbələrdən”,”etibarlı qaynaqlarımızdan”,”Ağ evdəki (Prezident Administrasiyası nəzərdə tutulur) və yaxud “Nazirlikdəki mənbəmiz”dən əldə etdiyimiz xəbərə görə… və ilaxır, və sair. Ciddi mətbuat bu cür priyomlardan istifadə etmir. Çünki bu cür istinad nöqtələri əsasən ehtimallara əsaslanır. Ehtimallar isə çox zaman yalan çıxır. Yuxarıda sitat gətirdiyimi yazıda da bu priyomdan çox səriştəsizcəsinə istifadə olunub. Nəşr öz bildiyini və yaxud ehtimal etdiyini “müstəqil mənbə”dən əldə edilmiş məlumat kimi oxucuya sırıyır. Ayıq oxucu isə informasiyanın feyk olduğunu ilk sətirdən tutur. Məsələn, Azərbaycan dövlətinin adından heç bir səlahiyyətli şəxs qatı cinayətkar Arayik Arutyunyanla görüşməz. Ən yaxşı halda belə bir “görüş” Arayik Arutyunyanın saxlanılması üçün keçirilə bilər. Çünki əli minlərlə azərbaycanlının qanına bulaşmış bir cinayətkarın həbsi onun üçün mükafat olar. Arutyunyan kimilər yerindəcə güllələnməlidir.

Amma bizim həmkarlarımız sensasiya xatirinə bir qədər də qabağa gedib daha bir yanlışlığa yol verir. Yazır ki, “Rusiya sülhməramlılarının rəhbəri R.Muradovun və Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçilərinin iştirakı ilə Arayik Arutyunyan 90-cı illərdə itkin düşən azərbaycanlılar mövzusunda (ehtimalən məlumatlı şəxs qismində) dindirilib. Proses Rusiya sülhməramlılarının məsuliyyət zonasında həyata keçirilib. Cani Arayik Arutyunyan azərbaycanlı itkin mülkilərlə bağlı dindirilib”.

  • Göründüyü kimi, ehtimallar çox təhlükəli şəkildə oxucuya təqdim edilir. Bu məlumatı oxuyan ixtiyari bir insan bir daha həmin nəşrə üz tutmur. Çünki nəşr həm yalan danışır, həm də təhlükəli dezinformasiya yayır. Bununla da erməni dəyirmanına su tökmüş olur.

Bəllidir ki, bu tip informasiyalar ermənilər tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılır. Bunu etməklə ermənilər bir neçə məqsəd güdür.

Birincisi, qondarma “dqr”-in movcud olduğunu və fəaliyyət göstərdiyini həm daxili auditoriyaya, həm də ki xaricdəki maraqlı qüvvələrə göstərmək.

İkincisi, Azərbaycan tərəfini qıcıqlandırmaq və yenidən müharibəni alovlandırmaq. Əksər ermənilər elə hesab edir ki, müharibə yenidən başlasa, bu dəfə həm Rusiya, həm də Avropa onları müdafiə edəcək. Ən azından 6 ay öncəki status-kvo bərpa olunacaq.

Üçüncüsü, ermənilər bu cür dezinformasiyalar yaymaqla özlərini tərəf kimi göstərmək istəyirlər. Məlum olduğu kimi, Bakı nəinki Qarabağ separatçı rejimi, heç İrəvanı tərəf kimi tanımır. Azərbaycan 10 noyabr anlaşmasından sonra tərəf kimi yalnız Rusiyanı tanıyır.

Bir sözlə ermənilər hər vasitə ilə özlərini gözə soxmağa, var olduqlarını sübut etməyə çalışırlar. Bunu bilib, qiymətləndirməmək heç də çətin deyil. Çətin olan odur ki, Azərbaycanın əksər mətbu orqanları ermənilərin bu cür “tırkalarına” gedir. Bu da həm təəssüf doğurur,həm də mətbuatı gözdən salır.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*