Araz Musayevə qarşı sui-qəsd: Hücum əvvəlcədən planlaşdırılıb – ŞOK DETALLARbackend

Araz Musayevə qarşı sui-qəsd: Hücum əvvəlcədən planlaşdırılıb – ŞOK DETALLAR

Antalyada keçirilən IFMA versiyası üzrə dünya çempionatı zamanı Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevə qarşı silahlı hücum təşkil olunub. Musayev kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb.

KONKRET.az xəbər verir ki, Azərbaycanı yarışda 14 idmançı təmsil edir və nümayəndə heyətinə şəxsən Araz Musayev rəhbərlik edir. Yarışın əvvəlində Azərbaycan millisinin bir idmançısı yarımfinala yüksəlib. Lakin gün ərzində Musayev ilə türkiyəli idmançı arasında gərginlik yaşanıb. Hadisəyə dərhal turnir təşkilatçıları müdaxilə edib və insident qısa zamanda nəzarət altına alınıb.

Bununla belə, günorta yeməyi fasiləsi zamanı Musayevlə Türkiyə nümayəndə heyətinin rəhbəri arasında yeni mübahisə baş verib. Tərəflər idman kompleksi ərazisini tərk etdikdən sonra mübahisə fiziki qarşıdurmaya çevrilib. Nəticədə Araz Musayev bıçaqlanaraq xəstəxanaya yerləşdirilib və üzərində təcili əməliyyat aparılıb. Onun vəziyyəti hazırda stabil ağır olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparan türk polisi dörd nəfərlik hücumçu qrupun əvvəlcədən planlaşdırılmış şəkildə, qəsdən adam öldürmək məqsədilə Türkiyəyə gəldiyini müəyyən edib. Onların ölkəyə giriş tarixləri, icarəyə götürdükləri nəqliyyat vasitələri və digər detallarla bağlı istintaq davam edir.

Polisin təxirəsalınmaz əməliyyatları nəticəsində həmin şəxslərdən ikisi – Azərbaycan vətəndaşları – Antalya hava limanında saxlanılıb. Üçüncü şübhəli Rusiyaya qaçmağı bacarıb, dördüncü şəxsin isə axtarışı davam edir. Məlum olub ki, Musayevi bıçaqlayan şəxslərdən ikisi hadisə yerindən taksi ilə uzaqlaşıblar.

Hadisə Azərbaycan və beynəlxalq idman ictimaiyyətində dərin narahatlıq doğurub və araşdırmalar davam etdirilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*