Artıq hər şey deyilib – Moskvanın növbəti gedişi nə olacaq?backend

Artıq hər şey deyilib - Moskvanın növbəti gedişi nə olacaq?

Yola saldığımız həftə Moskvada KTMT-nin bir neçə tədbiri keçirilib. Rusiyanın patronajlığıyla təşkil edilən beynəlxalq tədbirləri boykot edən Ermənistan bu dəfə də KTMT-nin iclaslarına getməkdən imtina edib. Rəsmi Moskva Ermənistanın siyasətindən narahatdır və müttəfiqinin hərəkətləri onları qıcıqlandırır. Sankt-Peterburq Dövlət Universitetinin professoru, rusiyalı politoloq Stanislav Tkaçenko məsələyə münasibət bildirib. Qeyd edib ki, erməni diplomatiyasının müttəfiqindən uzaqlaşma siyasəti Rusiya üçün sürpriz deyil: “Rusiyada Ermənistanla bağlı mövqe iki səbəblə izah olunur. Birincisi, İrəvan Rusiyanı Ermənistanın uğursuzluqlarında günahlandırır. Onlar Qarabağın təhvil verilməsini Rusiyanın ayağına yazmağa çalışırlar. İkincisi, Ermənistan kollektiv Qərbə arxalanır. Bu mərc risklidir və strateji nöqteyi-nəzərdən tamamilə perspektivsizdir, bunu Ukrayna və Moldova nümunələri də təsdiqləyir”.

Lakin Tkaçenkonun fikrincə, Paşinyan və onun yaxın ətrafı, möcüzənin baş verə biləcəyi illüziyasına inanır:

“Onlar daha “Qarabağ fəlakətində Rusiyanın günahı” ilə bağlı əsassız bəyanatları müzakirə etmək istəmirlər. Düşünürlər ki, hər şey deyilib. İndi Kreml və Rusiya Xarici İşlər Nazirliyi maraqla gözləyir ki, İrəvan indiki kursun Ermənistanın təhlükəsizliyi üçün nə qədər fəlakətli olduğunu başa düşsün. Ona görə də parlament dialoqunda iştirakdan imtina yalnız İrəvanın mövqeyinin dəyişmədiyini təsdiqləyir. Moskvada onlar artıq buna təəssüflənmirlər, sadəcə olaraq, İrəvanda cərəyan edən dramı maraqla izləyirlər”.

Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru, rusiyalı politoloq Mixail Neyjmakovun fikrincə, KTMT Parlament Assambleyasının iclasında Ermənistan nümayəndə heyətinin iştirak etməməsi də bu məsələdə israrlı olduğuna dair siqnallardan biridir: “Moskva ilə İrəvan arasında fikir ayrılığı var. Məsələn, 2023-cü il dekabrın 14-də İrəvanda Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin nümayəndələri arasında ikitərəfli məsləhətləşmələr baş tutub. Tərəflər Rusiya telekanallarının Ermənistanda yayımı ilə bağlı müzakirələr aparıblar. Bildiyiniz kimi, Rusiya televiziya kanallarında yayımlanan bir sıra verilişlər (məsələn, Nikol Paşinyana həsr olunmuş “Varis Tuttinin kuklaları” verilişi) İrəvanda kəskin reaksiyaya səbəb olub. 2023-cü ilin sonlarında erməni mətbuatı Rusiya televiziya kanallarının ölkədə yayımının dayandırılmasını müzakrə edib. Bununla belə, respublikanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryanın bu məsləhətləşmələrdən sonra mediaya verdiyi şərhlər belə bir qənaətə gəlməyə imkan verir ki, hələlik buna ehtiyac görmürlər”.

Politoloqun sözlərinə görə, “Rosselxoznadzor” Ermənistandan tədarük edilən bir sıra ərzaq məhsulları ilə bağlı iradlar bildirib. 2023-cü ilin noyabr ayının sonunda Ermənistandan bitkiçilik məhsullarının tədarükünə qoyulan qadağının aradan qaldırılması üçün dekabrın əvvəlində danışıqlar aparılıb. Moskvada “Rosselxoznadzor”la Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbərləri fikir ayrılıqlarını yumşaltmağa və ortaq dil tapmağa çalışıblar. Moskvada KTMT Parlament Assambleyası ilə paralel olaraq İrəvanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib. Görüşlər zamanı Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə tərəflər regionda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər: “Yəni Ermənistan nümayəndə heyətinin KTMT PA-nın işində iştirak etməməsinə və Moskva ilə İrəvan arasındakı fikir ayrılıqlarına baxmayaraq, biz hələ də tərəflər arasında təmasların müəyyən intensivliyini müşahidə edirik. Bu o demək deyil ki, münasibətlərdə soyuqluq yenidən güclənə bilməz və dialoq minimuma endirilə bilər. Lakin burada bir məsələ də var ki, tərəflər dialoq imkanlarını buraxmadan siyasi mövsümü başa vurmaq istəmirlər. Buna baxmayaraq, Ermənistanın yaxın gələcəkdə KTMT-nin fəaliyyətində iştirakı ilə bağlı biz “total diplomatik müharibə”dən daha çox güzəştə getmək cəhdlərini müşahidə edirik”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*