“Ermənistan öz siyasi kursu ilə nə qədər imkan verirsə, Azərbaycan da o qədər hərəkət edir”.
KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.
“Aydındır ki, beynəlxalq faktorların Azərbaycana təsir imkanları var, lakin Ermənistan hakimiyyəti onlarla ardıcıl işləmir. Bu məsələdə Ermənistan hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür”, – erməni deputat qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyət təəccüblü deyil, çünki hakimiyyət açıq mətnlə “artsax”a yalnız sosial-iqtisadi və humanitar məsələlərlə bağlı yardım etməyə hazır olduqlarını bildirir. Amma problemin siyasi və hərbi yolla həlli də hakimiyyət orqanlarının səlahiyyətindədir.
“Bu çətin vəziyyətdə “artsax”ı taleyin mərhəmətinə buraxmaq öz xalqına qarşı düşmənçilikdən başqa bir şey deyil”, – Tiqran Abramyan bildirib.
Onun sözlərinə görə, “artsax”da yaşayan ermənilərin Ermənistana ehtiyacı var, çünki rəsmi İrəvanın birbaşa müdaxiləsi olmadan onların vəziyyəti ağır olacaq və bizim onları bu ağır vəziyyətdə qoymağa haqqımız yoxdur.
“Ermənistanda yaşayan hər bir şəxs bilməlidir ki, sabah özü, ailə üzvləri və qohumları belə vəziyyətə düşə bilər”, – deyə müxalifətçi deputat bildirib.
Günel Mikayılova,
KONKRET.az