“Bu gündən qeyri-qanuni həbs müddətim daha 2 ay uzadılıb. Bu məsələ ilə bağlı məhkəmə iclası təkcə qanunlara və ədalətə qarşı deyil, həm də əxlaqa, ağıl və həqiqətə qarşı kütləvi barbarlıq idi”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni siyasi məhbus Armen Aşotyan haqqında ədalətsiz məhkəmə qərarına etiraz olaraq yaydığı bəyanatda vurğulayıb.
Açıqlamada daha sonra deyilir: “Təsadüfi deyil ki, Nikol Paşinyan tərəfindən tamamilə idarə olunan məhkəmə sisteminin nümayəndələri vəkillərimin məhkəmə iclasının açıq keçirilməsi ilə bağlı vəsatətini qorxa-qorxa rədd etdilər.
Ermənistanda demokratiyanın inkişafı ilə bağlı geosiyasi rəy nümayiş etdirən beynəlxalq strukturlar ölkədə tüğyan edən repressiyalara susmağa davam edəcəklər. Onların yanaşması çox sadədir. Nikol ölkədə nə istəsə, edə bilər, yetər ki, ölkədən kənarda onların istədiyini etsin.
Ümumiyyətlə, ölkə daxilində qorxu tüğyan edir. Qarabağ və Ermənistanın gələcəyi naminə müqaviməti qırmaq üçün həyasız və əxlaqsız qrup fəaliyyət göstərir.
Bəli, mən həbsxana kameramda Sevandakı (Göyçədə) dövlət malikanəsində dincələn Nikoldan daha azadam və vicdanım təmizdir.
Dəstək və həmrəyliyə görə on minlərlə soydaşlarıma, mübarizədə olan dostlarıma, vətənpərvər və vicdanlı vətəndaşlara, mətbuata, müdafiə komandama, partiyama və ailəmə təşəkkür edirəm.
Mübarizə davam edir. Yenidən görüşəcəyik”.
Rəsmiyyə Şərifova,
KONKRET.az