“Avropa NATO-da daha fəal rol oynamalı, ABŞ-dan asılılığını azaltmalı və Ukrayna müharibəsi ilə sarsılan regionda sülhü təmin etmək üçün özünün müdafiə imkanlarını inkişaf etdirməlidir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron səsləndirib. O bildirib ki, güclü Avropa qitənin NATO daxilində daha müstəqil olmasına gətirib çıxaracaq: “Alyans güvənməli olduğum bir qurum deyil. Bu, seçməli və işləməli olduğum bir təşkilatdır. Biz strateji muxtariyyətimizi yenidən düşünməliyik. Avropa texnologiya və müdafiə imkanları baxımından ABŞ-dan daha çox muxtariyyət almalıdır” – deyə Fransa prezidenti vurğulayıb.
“Makron uçurumun dibində gəzir. O, Ukraynadakı müharibəni dayandırmaq və münaqişənin bütün Avropaya yayılmasının qarşısını almaq üçün Qərbi Rusiyaya istənilən danışıqlarda təhlükəsizlik zəmanəti verməyə çağırmaqla Kiyevi və onun bəzi müttəfiqlərini artıq qəzəbləndirib” – deyə WSJ yazıb.
Müharibənin Rusiya və Qərbə baha başa gəlməsi Makronun inkişaf etdirməyə çalışdığı diplomatiya üçün fürsət yaradıb. O, noyabrın sonunda Baydenlə müharibə haqda danışıqlar aparmaq üçün Vaşinqtona gedib. Görüşdən qısa müddət sonra Fransa televiziyasına açıqlamasında, “iki lider təhlükəsizlik arxitekturasını müzakirə etmək istəyir” fikirini səsləndirib. O, “Ukraynanın mütləq müdafiəsi” strategiyasını dəstəklədiyinə əmin edib. Makron qeyd edib ki, bu yeni arxitektura çərçivəsində təhlükəsizlik zəmanətləri Ukrayna və Rusiya ilə yanaşı Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan kimi qonşulara şamil edilməlidir.
“Mənə əxlaq dərsi verən bütün avropalılar və qərblilər danışıqlar masasına kimin oturacağını izah etməlidirlər” – deyə Fransa prezidenti fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az