Avropanı oyatmağın başqa yolu yoxdur – Ermənistandan təzminat tələb olunacaqbackend

Avropanı oyatmağın başqa yolu yoxdur - Ermənistandan təzminat tələb olunacaq

Surxay Atakişiyev

Yenə bu atəşkəs ( özü də humanitar) oyunu atıldı ortaya. ABŞ, Qərb və Rusiya yenə də faşistə, vandala “dur” demək, ona yerini göstərmək əvəzinə, dolayısı ilə haqqını, hüququnu tələb edən Azərbaycana “qırmızı işıq” yandırmağa cəhd edir.

Bununla da hamıya haqdan, ədalətdən, demokratiyadan dərs keçən bu dövlətlərin maskası düşmüş oldu. Azərbaycanı atəşkəsə zorlamaq istəyən ABŞ, Qərb və Rusiya bir daha həqiqətin üzünə tüpürdü. Azərbaycan xalqının ərazi bütövlüyü, suverenliyi uğrunda apardığı cihada “dur”-deməklə əlahəzrət ədaləti ayaqlar altına atdı. Bütün bunlar bir daha onu göstərdi ki, böyük dövlətlərin maraqları qarşısında kiçik dövlətlərin haqqı, hüququ və mənafeyi heç kimin türklər demiş “hiç umrunda deyil”.

Belə olmasa idi son günlər Azərbaycanın təmas xəttindən yüz kilometrlərlə uzaq olan şəhərlərini Ermənistanın bombardman etməsinə bu dövlətlərin hansısa adekvat addımı olardı. Dünyanın böyük dövlətləri Azərbaycan xalqının bu faciəsinə yenə seyirçi qaldı. Erməni tərəfin təcavüzü son günlər çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələndi. Belə ki, 27 sentyabr tarixindən bu günə qədər 60 mülki şəxs həlak olub, 271 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında qadınlar və uşaqlar da var. Mülki infrastruktura ciddi ziyan dəyib. Erməni faşistlərinin Gəncəni sonuncu dəfə-17 oktyabrda bombalamasından sonra ABŞ, Qərb və Rusiya rəsmilərinin sərgilədiyi mövqeyi təəssüf və təəccüb doğurdu. Və bununla bir daha sübut olundu ki, bu dövlətlər üçün kimin haqlı, kimin haqsız olması elə bir əhəmiyyət kəsb eləmir. Ümumilikdə, son 20 gündə baş verən erməni vəhşiliyi və Ermənistanın mülki vətəndaşlara qarşı sərgilədiyi mövqe dünya mediası üçün də az əhəmiyyət kəsb elədi.

Ən xırda məsələləri manşetlərə daşıyan aparıcı media nümayəndələri Azərbaycan xalqının faiciəsinə və haqq mübarizəsinə bir tərəfli, ən yaxşı halda isə loyal münasibət göstərdi. Təmas xəttindən xeyli uzaqda xeyli sayda mülki şəxslər vuruldu, uşaqlar, körpələr öldürüldü. Amma Azərbaycan xalqının bu faciəsi qarşısında dünya susdu. Rəsmi mövqelər  bir tərəfə, Ermənistan vəhşiliyi ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlara heç bir rəsmi şəxs qoşulmadı.Yalnız ATƏT-in başdansovdu bir rəyi yayıldı. Bu rəydə də bilinmədi ki, bu qurum nə demək istəyir. Hə bir də BMT sözçüsü mülki itkiləri qınadı. Vəssəlam. Baxmayaraq ki, dünyada baş verən istənilən hadisələrə Qərb, ABŞ və Rusiya anındaca münasibət bildirir. Əslində bu münasibət gözlənilən idi.  Çünki 30 ildir ki, Ermənistan 30 ildir işğalçılıq siyasətini davam etdirir. ABŞ, Qərb və Rusiya isə bu işğala göz yumur. “Haqq nazilər, amma üzülməz”, – deyib atalarımız. Bu gün bütün qurbanlara rəğmən Azərbaycan dövləti və xalqı Qarabağın azadlığı uğrunda savaşa qalxıb.

Bütün sahələrdə – hərbi, diplomatik və ideoloji sahədə uğurla mübarizə aparırıq. Respublika Prezidenti  demək olar ki, hər gün xarici telekanallara müsahibələr verir, Azərbaycan həqiqətlərini bir daha sivilizasiyanın diqqətinə çatdırır. Eləcə də hadisələlərlə bağlı gündəlik xalqa hesabat verir. Xarici İşlər Nazirliyinin fəaliyyəti də təqdirəlayiqdir.

Azərbaycan xalqının ədalət mübarizəsi və bu yolda üzləşdiyi faciələr nöqtə və nöqtə dünyanın kar olmuş qulaqlarına pıçıldanır. Diplomatik və hərbi sahədə qazandığımız qələbələri ideoloji sahədə də ən üst qata çatdırmaq isə biz vətəndaşların bu gün ən ali vəzifəsidir. Bu gün vətəndaş institutlarının addımları Dövlət Başçısının atdığı addımlardan bir qədər geri qalır. Qeyri-hökümət təşkilatlarının fəaliyyəti günün tələblərinə cavab vermir. Məsələn, Qafqaz Müsəlmanları İdarəsi öz nüfuzundan və səlahiyyətlərindən geniş istifadə edib, dinya dini liderlərinə davamlı çağırışlar etməli, İslam İqtisadi Əməkdaşlıq və digər beynəlxalq  təşkilatları Azərbaycanın haqq işinin müdafiəsinə səfərbər etməlidir. Qeyri-hökümət təşkilatları isə bu gün daha çox iş görə bilər.

Belə ki, Ermənistan faşistlərinin təmas xəttindən yüz kilometrlərlə aralıda yaşayan əhalinin bombardman edilməsi Avropa və dünyanın qeyri-hökümət təşkilatlarının gündəliyinə daşınmalıdır. Gəncədə, Ağdamda, Goranboyda, Mingəçevirdə və digər ərazilərimizdə həlak olan, yaralanan və əmlakını itirən mülki əhalinin haqları qeyri-hökümət təşkilatları tərəfindən Avropa İnsan haqları Məhkəməsinə və digər institutların müzakirəsinə çıxarılmalıdır. Həlak olan 60 mülki şəxsin və yaralanan 270-dən çox insanın ən qısa zamanda hüquqları Avropam məhkəmələrində müdafiəsi təşkil edilməlidir. Avropa məhkəmələrində həlak olan və yaralanan. eləcə də əmlakını itirən vətəndaşlar adından Ermənistan dövlətindən təzminat tələb olunmalıdır. Beləcə, kar olan Avropanı biz haqq səsimizlə və davamlı mübarizəmizlə oyatmalıyıq.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*