Məlum olduğu kimi, xüsusi karantin rejimi ilə əlaqədar olaraq noyabrın 2-dən etibarən ölkədə distant təhsil formasına keçilib. Bunu təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə bəyan edib və əlavə olaraq bildirib ki, təhsil müəssisələrində tədrisin dayandırılması hazırlıq kurslarına və repetitorlara şamil edilmir. Və hazırda kurslar ilin əvvəlindən verilmiş qərara əsasən, sinifdə uşaqların sayını azaldaraq, sosial məsafəni saxlayaraq fəaliyyət göstərirlər.
KONKRET.az-ın redaksiyasına bir qrup kurs rəhbəri tərəfindən daxil olan müraciətdə isə Abşeron rayon ərazisində onların fəaliyyətinə qadağa qoyulduğu deyilir. Müraciətdə bildirilir ki, noyabrın 5-dən etibarən rayon icra hakimiyyəti tərəfindən Xırdalan şəhər, Mehdiabad və Masazır qəsəbələri ərazilərində bir sıra kursların (“Zəfər”, “Hədəf”, “Unikal” və s.) qapadılması barədə göstəriş verilib. Və əldə etdiyimiz məlumata əsasən, rayon ərazisində bütün kursların fəaliyyəti dayandırılmayıb, yalnız bir neçəsinə təzyiqlər edilir. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edən rəhbərlərə oradan rayon ərazisində pandemiya ilə əlaqədar COVID-li xəstələrin artması və Nazirlər Kabinetinin 29 oktyabr tarixli 430 saylı qərarı əsas gətirilərək belə bir addımın atıldığı bildirilib. Belə olan halda kurs rəhbərləri bu qadağaların nə üçün bütün kurslara şamil edilmədiyini və yalnız bir neçəsinin sıxışdırıldığının qərəzli olduğunu deyirlər.
Məsələ ilə bağlı müraciət etdiyimiz Abşeron Rayon COVID qərargah komissiyasının sədri Məhərrəm Abdulov isə kursların fəaliyyətinə qoyulan məhdudiyyətlərin səbəbini belə açıqlayıb: “Bu gün bizim rayonda vəziyyət gərgindir, 100-dən çox yoluxma var. Və buna görə də biz Nazirlər Kabinetinin 29 oktyabr tarixli 430 saylı qərarına əsasən belə bir addım atmışıq. Bundan başqa, hər hansı bir ərazidə epidemioloji vəziyyət gərginləşərsə, orada sanitar xidmət orqanları məhdudlaşdırıcı qaydalar tətbiq edə bilər. O cümlədən, bu gün bizdə də qərargah var və onun da rəisi rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovadır. Onun tərəfindən də məhdudlaşdırıcı qərarlar çıxarıla bilər. Hazırda yoluxma sayına görə Abşeron rayonu Bakı şəhərindən sonra ikinci yerdədir. Ona görə də biz sözügedən qərarı əsas tutaraq belə bir iş görmüşük. Və tərəfimizdən 5-8 nəfərdən yuxarı olan bütün kollektivlər bağlanılır. Biz indi ikinci cəbhədə mübarizə aparırıq və belə etməklə virusun qarşısını alırıq. Baxın, bir neçə müddət bundan öncə respublikada yoluxma sayı 75-ə düşmüşdü. Amma indi bu say 1000-i keçir, artıq dörd rəqəmə çıxmışıq. Biz bunun qabağını almaq istəyirik. Və əgər kimsə buna etiraz edirsə, gedib Təhsil Nazirliyinə müraciət etsin ki, sizin qərara əsasən Abşeron RİH tərəfindən bizim tədris kursumuz bağlanıb”.
Söhbətin hansı qərardan getdiyinə gəlincə, Məhərrəm müəllim bizə Təhsil Nazirliyi mətbuat xidmətinin aşağıdakı məlumatını göstərdi. Məlumatda deyilir:
“Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarı ilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq, dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilir, həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunur.
Bununla belə, Təhsil Nazirliyinə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olur. Bildiririk ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən Qərarına ziddir. Göstərilənləri nəzərə alaraq, tərəfinizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarına əməl edilməsi tələb olunur. Əks təqdirdə Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsi nəticəsində müvafiq tədbirlər görüləcək”.
Maraqlısı odur ki, M.Abdulov sonuncu abzası nəzərə alaraq, belə bir addım atdıqlarını bildirib. Məlumatdan isə görünür ki, Təhsil Nazirliyi quruma “bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olduğunu” və bunun Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarına zidd olduğunu qeyd edib. Və burada xatırlatmaq yerinə düşər ki, tədris kursları özəl təhsil müəssisəsi deyil, təhsil xidmətləri göstərən fərdi sahibkarlıq subyektləridir. Odur ki, Abşeron RİH-in həmin qərarı rəhbər tutaraq ərazisində olan kursların fəaliyyətini dayandırması barədə göstəriş verməsi başadüşülən deyil.
Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da bildirdi ki, hazırlıq kursları təhsil müəssisələri sayılmadığından bu qərar onlara şamil edilmir: “Qadağalar sadəcə təhsil müəssisələri ilə bağlıdır. Qanunvericiliklə hazırlıq kursları təhsil müəssisələri hesab olunmur. Ona görə də onların fəaliyyəti ilə bağlı hər hansı qadağa yoxdur”.
Sevinc Paşayeva,
KONKRET.az