Son aylarda avtomobil bazarında müşahidə olunan qiymət artımı alıcıları ciddi narahat edir. Həm yeni, həm də ikinci əl avtomobillərdəki bahalaşma tendensiyası davam etməkdədir.
Maraqlıdır, avtomobillərin bahalaşmasının səbəbləri nələrdir?
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası idarə heyətinin sədri Eyyub Əliyev KONKRET.az-a açıqlmasında bildirib ki, avtomobillərin bahalaşmasının iki əsas səbəbi var.
“Birinci səbəb avtomobilin istehsal qiymətinin artmasıdır. İstehsal xərcləri yüksəldikdə zavod avtomobilin qiymətini artırır. İkinci səbəb isə avtomobillərin ölkəyə gətirilməsi zamanı yaranan loqistika xərclərinin artmasıdır. Avtomobillər ölkəmizə yükdaşıma şirkətləri vasitəsilə gətirilir və bu prosesdə loqistika mühüm rol oynayır. Dünyada loqistika xərcləri mütəmadi şəkildə dəyişdiyinə görə, bu, avtomobilin son qiymətinə də təsir edir”.
Ekspertin sözlərinə görə, ölkəmizdə gömrük rüsumları və ƏDV dərəcələri sabitdir. Bu rüsumlarda yalnız qanunvericilikdə dəyişiklik baş verdikdə artım və ya azalma müşahidə oluna bilər.
“Normalda istehsal qiymətləri və ya loqistika xərcləri artdıqda, avtomobilin dəyərində də bahalaşma olur. Lakin hazırda bazarda bu vəziyyət müşahidə edilmir. Hətta rəsmi dilerlər vasitəsilə satılan avtomobillərdə müxtəlif endirim kampaniyaları tətbiq olunur və alıcılara güzəştlər edilir”.
Aynurə İsmayıl
KONKRET.az