“Bəzən zəlzələlərin baş verməsi Ayın, Günəşin Yer kürəsinə təsiri ilə də əlaqələndirilir. Amma bunun dəqiq qanunauyğunluğu yoxdur. Yəni demək olmaz ki, məsələn, bu gün günəşdə partlayış oldu, sabah mütləq zəlzələ baş verəcək”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev açıqlayıb. O, sözlərinə belə davam edib:
“Sadəcə fərziyyələr var. Bu fərziyyələr göy cisimlərinin fiziki qanunlarının bir-birilə əlaqəsinə əsaslanır. Məsələn, deyilir ki, maqnit sahəsinin güclənməsi Yer kürəsinə təsir edir. Ancaq bu da o demək deyil ki, hər dəfə maqnit qasırğası baş verəndə, mütləq zəlzələ olacaq. Belə bir dəqiq qanun yoxdur.
1999-cu ildə baş verən günəş tutulmasını xatırladaq. Tutulmadan bir gün sonra – avqustun 19-da – Türkiyədə dağıdıcı İzmit zəlzələsi oldu. Amma bu fakt heç də o demək deyil ki, hər günəş və ya ay tutulmasından sonra mütləq zəlzələ baş verəcək. Bunlar yalnız nəzəri fərziyyələrdir, elmi cəhətdən 100%-lik sübut olunmuş bağlılıq yoxdur.
Məsələn, hava proqnozu öncədən dəqiq verilə bilir. Çünki atmosferdə baş verən proseslər müşahidə edilə və hesablana bilir. Amma Yer kürəsinin dərinliklərindəki geodinamik və tektonik prosesləri öncədən bu qədər dəqiq demək olmur. Onların kosmik hadisələrlə dəqiq əlaqəsi sübuta yetirilməyib”.
Müsahibimiz bildirib ki, seysmologiyada “seysmik sükut” deyilən bir anlayış var, yəni uzun müddət bir ərazidə zəlzələ baş vermirsə, enerji toplanır və gec-tez boşalmalıdır:
“Amma hansı anda və harada baş verəcəyini dəqiq demək olmur. Günəş və ay tutulmaları, günəşdə partlayışlar, maqnit qasırğaları bəzən bu proseslərə “trigger effekti” – yəni tetikleyici rol oynaya bilər. Amma yenə də hansı bölgədə və nə vaxt baş verəcəyini müəyyən etmək mümkün deyil.
Nəticə olaraq, kosmik hadisələrlə zəlzələ arasında müəyyən nəzəri əlaqələrdən danışmaq olar, amma bunun elmi şəkildə sübut olunmuş dəqiq qanunauyğunluğu yoxdur”.