Alimlər ilk dəfə Ayda mağara aşkar ediblər. Ən azı 100 metr dərinlikdə olan bu mağara insanlar üçün daimi baza yaratmaq üçün ideal yer ola bilər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, bu mağara yəqin ki, yeraltı tədqiq edilməmiş dünyada yerləşən yüzlərlə mağaradan sadəcə biridir. Ölkələr Ayda daimi yaşayış mühiti yaratmaq üçün yarışır, lakin onlar astronavtları radiasiya, ekstremal temperatur və kosmik hava hadisələrindən qorumaq üçün ayrıca araşdırmalar aparmaq məcburiyyətindədir.
Kosmosa çıxan ilk britaniyalı astronavt Helen Şarman yeni kəşf edilən mağaranın baza üçün uyğun göründüyünü və insanların 20-30 il ərzində Ayda çuxurlarda yaşaya biləcəyi fikrini irəli sürüb. Bununla belə, Şarman qeyd edib ki, bu mağara o qədər dərindir ki, astronavtların mağaraya enmək üçün xüsusi reaktiv qurğu və ya liftdən istifadə etmələri lazım ola bilər.
İtaliyanın Trento Universitetindən Lorenzo Bruzzone və Leonardo Karrer radardan istifadə edərək “Mare Tranquillitatis” adlı qayalıq düzənlikdəki çuxurun girişini araşdırıb və bu mağaranı tapıb. Bu ərazi “Apollon 11″in 1969-cu ildə endiyi yerdir.
Mağara milyonlarla il əvvəl Ayda axan lava və qayada tunellər yaratması nəticəsində yaranıb. Tədqiqatçılar ümid edirlər ki, mağaranın xəritəsini çəkmək üçün yerə nüfuz edən radar, kameralar və ya robotlardan istifadə oluna bilər.
Bu kəşf insanın Ayda daimi mövcudluğu istiqamətində mühüm addım ola bilər və Ayın tarixi ilə bağlı fundamental suallara cavab verə bilər. Tədqiqat “Nature Astronomy” jurnalında dərc olunub.
Günel Mikayılova,
KONKRET.az