Müğənni Xalq artisti Aygün Kazımovanın adı qanunsuz olaraq Azərbaycandan Türkiyəyə pul göndərilməsi işində hallanır. İşin içində 11500 dolların qanunsuz yolla Türkiyəyə çatdırıldığı qeyd olunur.
KONKRET.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Bakıda qanunsuz pul dövriyyəsi ilə məşğul olan Nicat adlı şəxs saxlanılıb.
Onun Türkiyədə Əliabbas adlı şəxs vasitəsi ilə ölkədən qanunsuz yolla valyuta çıxarılması “sistemi”nə qoşulduğu müəyyən edilib.
Nicat adlı şəxs Bakıda qızıl alveri ilə məşğul olub. Türkiyədə olan Əliabbas adlı şəxsdən əvvəllər qızıl alaraq Bakıda satırmış. Sonra Əliabbas adlı şəxs ona valyuta göndərilməsi işinə qoşulmasını təklif edib.
Sistemə əsasən Türkiyəyə və digər xarici ölkələrə pul göndərmək istəyən şəxslər daha aşağı faiz ödəməklə Əliabbasla əlaqə saxlayıb. Əliabbas da həmin məbləğləri Nicat adlı şəxslə müxtəlif ünvanlara çatdırıb.
Xaricə pul çıxarmaq istəyən şəxslər pulu Nicata verib. Əliabbas isə pulun hansı ölkədə, kimə çatdırılmasını təmin edib.
Türkiyə vətəndaşı olan Əliabbas bu “sistem”lə İran, Türkiyə, Rusiyaya pul çatdırılması prosesini təmin edib.
Nicat Bakıda 200 min manatdan çox vəsaiti Əliabbasın tapşırığı ilə ayrı-ayrı şəxslərdən alıb. Onun qazancı isə ümumi məbləğin 1 faizi qədər olurmuş.
Araşdırmalar zamanı məlum olub ki, Nicatın pul aldığı şəxslərdən biri də Aygün Kazımovanın sürücüsü olub. O, ifadəsində bildirib ki, Aygün Kazımovanın göstərişi ilə 11500 dolları Nicat adlı şəxsə çatdırıb.
Nicat adlı şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.