Bu gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.
KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu, İsmayılovlar ailəsində bir il ərzində 5-ci ölüm hadisəsidir.
Belə ki, bundan öncə Qırılı kəndində 2024-cü il təvəllüdlü N.İsmayılova valideynləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, müayinə zamanı azyaşlının öldüyü məlum olub.
Ötən ilin avqustunda isə İsmayılovların böyük övladları 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lakin həkimlərin müayinəsi zamanı G.İsmayılzadənin öldüyü məlum olub.
Bu ailədə baba və nənənin də faciəvi ölümü diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.
Maraqlıdır ki, ölüm hadisələri müxtəlif ayların eyni gününə – 8-nə təsadüf edib.