Ermənistan Azərbaycanla mütləq danışıqlar aparmalıdır.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “əsaslı dəyişiklik komitəsinin sədri” Vahram Qahramanyan bu gün erməni mediasına müsahibəsində deyib.
“Bütün aspektlərdə Qarabağda vəziyyət kifayət qədər mürəkkəbdir. Xalqı məyusluqdan çıxarmaq lazımdır”, – deyə Qahramanyan bildirib.
Onun sözlərinə görə, Qarabağda siyasi qütblər yaranıb və bu, “Arsax”ın maraqlarına zərər verir.
“Ruben Vardanyan, Samvel Babayan, “hökumət”, bütün qüvvələri birləşməli, aydın formalaşmış rəy olmalıdır. Azərbaycanın istənilən yanaşması rədd edilməlidir. Bu qütbləri aradan qaldırmaq lazımdır, insanlar arasında qeyri-müəyyənlik aradan qaldırılmalıdır.
Məncə, Azərbaycan aydın siyasət aparır. Bizə çatan məlumatlara görə, onların dövləti daxilində Qarabağla bağlı məsələlərdə iqtidar-müxalifət bölgüsü yoxdur. Bu ağrılıdır, çünki bütün dövlət strukturları bir yumruq kimi birləşib. Bu cür yanaşmalar fonunda boş bəyanatlar kifayət etmir”, – o deyib.
Qahramanyanın sözlərinə görə, problem ondadır ki, Azərbaycan bütün rıçaqları ilə işləyir, lakin onun sözlərinə görə, Ermənistan hakimiyyəti isə heç bir şəkildə müqavimət göstərmir.
“Arsax” beynəlxalq münasibətlərin subyekti kimi mövcud deyil. Biz vəziyyəti düzgün dəyərləndirməli və başa düşməliyik ki, Ermənistan boş oturmamalıdır. Ermənistan deyir ki, “Arsax” özü danışıqlar aparmalıdır. İrəvan iddia edir ki, onlar Qarabağın işlərinə qarışmaq istəmirlər, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.
Bir neçə deputat, məsələn, Ağazaryan, Arsenyan, Melkonyan hökumətin mövqeyini açıq şəkildə ifadə edir. Bununla belə, etiraf etməliyik ki, Ermənistan Azərbaycanla mütləq danışıqlar aparmalıdır ”, – deyə Qahramanyan əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az