Azərbaycan ailələri niyə çoxuşaqlılıqdan yayınır? – Uşaqların sosiallaşmasına səbəb olan ƏNGƏLLƏRbackend

Azərbaycan ailələri niyə çoxuşaqlılıqdan yayınır? – Uşaqların sosiallaşmasına səbəb olan ƏNGƏLLƏR

Azərbaycan ailələri uşaqsevərdir. Əvvəllər bir ailədə ən azı 5-7 uşaq böyüyərdi. Rayon yerlərində isə bu say hətta 10-12-yə də çatırdı. Ailələrin sosial durumundan asılı olmayaraq, daha çox uşaq dünyaya gətirilməsi möhkəm təməllərə dəlalət edirdi.

Əslində bu amil demoqrafiya məsələlərində də çox önəmli faktordur. Amma təəssüf ki, günümüzün reallığında Azərbaycan ailələrində çoxuşaqlılıq məsələsi aktuallığını tamamən itirib.

Psixoloq Gülnar Orucova KONKRET.az-a müsahibəsində mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib. Onunla geniş müsahibəni təqdim edirik.

– Gülnar xanım, əvvəllər ailələrdə çox uşağa üstünlük verilsə də, günümüzdə belə deyil. Bunun əsas səbəbi nədir?

– Bəli, əvvəllər ailələr çoxuşaqlı olsa da, hazırda bir və ya iki uşaqdan artıq istəmirlər. Çox vaxt da hamiləliklər planlaşdırılmış olur. Ailələr artıq övladı özləri seçirlər. Çoxu deyir ki, bir qız, bir oğlan kifayətdir. Hətta iki qızı olanlar da oğlan övladı istəmir. Artıq uşağın cinsini belə təyin edirlər, yəni hansı cinsdə övlad istəyirlərsə, onu dünyaya gətirirlər.

Əvvəllər ana-atalar düşünməzdi ki, övladıma təhsil verməliyəm, ev almalıyam, nələrsə etməliyəm. Məhz öz arzu və istəklərinə uyğun olaraq övlad dünyaya gətirirdilər. İndiki valideynlər övladlarını həddindən artıq qoruyurlar və onların edə biləcəyi hər şeyi öz üzərilərinə götürürlər. Bu da valideynlərin maddi cəhətdən daha da yüklənməsinə səbəb olur. Məhz buna görə də onlar az uşaq dünyaya gətirirlər.

– Ortaya belə bir sual çıxır ki, valideynlər övladlarının hər şeyə sahib olması üçün cidd-cəhd göstərdiyi halda, bu gün niyə cinayətlərin, boşanmaların sayı artır?

– Biz övladımızın çətinlik, depressiya yaşamaması üçün çalışırıq. Amma ona hər şey vermək istəyərkən, hədsiz diqqət-qayğımız nəticəsində təzad yaradırıq. Ümumiyyətlə, cəmiyyətdə müxtəlif ailə tipləri mövcuddur. Bu ailələrin böyütdüyü övladlar da gələcəkdə nəyi necə öyrənibsə, elə də davam edirlər.

– Müxtəlif ailə tiplərindən bəhs etdiniz, bunlar hansılardır və necə övladlar böyüdürlər?

– Məsələn, güvən verən, dəstəkləyən, hədsiz qoruyucu ailə tipləri var. Bu ailə modelləri müxtəlif övladlar yetişdirir. Cəmiyyətdə müxtəlif tipdə böyüyən uşaqların da öz yerləri var. “Uşaq ailənin güzgüsüdür” deyimi çox doğrudur. Hər ailə özü ilə eyni tip xarakterdə olan övlad yetişdirir. Məsələn, avtoritar ailə rejimində böyüyən uşaqlar qayda-qanuna daha çox tabe olmağa öyrəşirlər deyə, onlar stabil rejimdə işləyirlər və uğurlu olurlar. Onlardan öz fikirləri soruşulmadığı üçün kiminsə əmrləri altında fəaliyyət göstərməyi sevirlər və agressivdirlər.

Həddindən çox qoruyucu ailə tipləri də var. Bu ailələr övladlarını o qədər qoruyurlar ki, övladlar cəmiyyətdə qorxu ilə yaşayırlar. Bəzən onların davranışlarında pozuntular da müşahidə edirik. Məsələn, evdə həddindən çox qorunan uşaq məktəbdə görür ki, müəllim uşaqlardan birinə səsini ucaltdı və həmin anda uşaqda qorxu yaranır. Bu da daha sonra həyəcan pozuntusuna gətirib çıxara bilir.

– Araşdırmalara görə, ailədə ilk, yaxud son övlad olmaq uşaqların psixologiyasında böyük rol oynayır. Bunu necə izah edərdiniz?

– Cəmiyyətdəki liderlik xarakterinə sahib insanların çoxu ailənin ilk övladı olanlardır. Birinci övlada valideyn fərqli yanaşır. Onu daha çox sevir, hər şeyin ən gözəlini ona vermək istəyir, qadağaları daha az qoyur və ona böyüklük statusu verir. Bu zaman da ailədəki böyük övlad digər övladları idarə etməyə və idarəçiliyi öyrənməyə başlayır. Sonradan bu uşaq idarəçilik xarakterini cəmiyyətdə də tətbiq etməyə başlayır. Ailənin ilk övladı həmişə düzənli olur. Çünki özü qaydaları qoyduğu üçün o qaydalara əməl etməyə daha çox meylli olur. İlk övlada bəzən azadlıq da həddindən artıq verilir. Ailələr düşünür ki, o övlad böyük olduğuna görə onun daha çox təcrübəsi var. Mən deyərdim ki, bəzən ailənin böyük övladı olmaq avantajdır. Ailənin sonuncu övladı isə daha ərkəsöyün olur. İllər sonra doğulduğuna görə valideyn onu daha sərbəst buraxmağa çalışır. Bu zaman da uşaq hər şeyi sanki özü kəşf edərək, nələrəsə nail olmaq qabiliyyətinə sahib olur. İlk övladı valideyn daim idarə edir, lakin sonuncu övladı sərbəst buraxır. Sərbəst buraxdıqda uşaq özü hər şeyi kəşf edərək, daha böyük uğurlara imza ata bilir.

Ailənin ortancıl övladları isə daha sakit, qaydalara uyan, daha xoşbəxt olurlar. Mən hər zaman deyirəm, əgər ailənin birinci övladısınızsa, heç vaxt digər ailənin böyük, ya da sonuncu övladı ilə ailə qurmayın. Çünki ilk övladla ailə qursanız, sanki eyni xarakterə sahib olmuş kimi olacaqsınız. Sonuncu övladı ilə ailə qursanız, xarakterlərinizdə uyumsuzluq ola bilər. Çünki onlar daha sərbəstdirlər, siz isə qaydalara daha çox əməl edirsiniz. Lakin ortancıl övladlarla ailə qursanız, daha uzunmüddətli və uğurlu evlilik ola bilər.

– Deyirlər ki, ailədə uşaq təkdirsə, həm xoşbəxtdir, həm də bədbəxt. Tək övlad olmaq şəxsin psixologiyasına, gələcəyinə necə təsir edir?

– Ailə çalışmalıdır ki, övladı tək olmasın. Hazırda dövlət məktəblərində yox, özəl müəssisələrdə sosiallaşmağı daha çox artırıblar. Bir uşaq, məsələn, bu il 6-cı sinifdə oxuyur və dostları var. Gələn il isə artıq başqa sinifdə oxuyacaq və onun başqa sinif yoldaşları olacaq. Bu məsələdə sosiallaşmağı artırmaq məqsədi var.

Digər məsələ isə odur ki, ailənin tək övladı həmişə eqoist olur. Evdə hər şey ona məxsus olur, hər şey ona alınır. Bu zaman uşaq düşünür ki, mən təkəm, hər şeyə sahibəm. O uşaqda paylaşmaq duyğusu, empati hissi daha az olur. Dostları ilə bir məclisdə oyun bacarıqlarını nümayiş etdirdikdə hegemon mövqedə dayanır, anlaşmaqda çətinlik çəkir. Ailədə tək uşaq olduqda tənhalığa meyllənir. Çünki o artıq səs eşitmir. Belə uşaqlar gələcəkdə də qurduqları ailədən daha çox sevgi, diqqət tələb edirlər. Çünki onlara ailədə daha çox diqqət göstərilib. Onlar məktəbdə də çətinlik çəkirlər. Evdə o qədər diqqət, qayğı görürlər ki, sinifdə 20-25 şagird arasında da seçilmək istəyirlər, xüsusi diqqət tələb edirlər. Ümumən ailədə tək uşaq böyütmək yaxşı hal deyil. Əgər ikinci övlad dünyaya gətirmək şansınız yoxdursa, uşaq evindən övlad götürə bilərsiniz. Yəni övladınızı tək böyütməməlisiniz. Bu zaman tənhalıq hissi keçirməz.

Əgər mənim övladım tək olsaydı, onun istəyi ilə uşaq evindən qız, ya da oğlan uşağı götürüb, onları birlikdə böyüdərdim. Oğlum tez-tez soruşur ki, niyə özüylə yaşıd qardaşı yoxdur? Biz onunla bu haqda uzun-uzun söhbət edirik. Oğlumun bacısı ilə arasında böyük yaş fərqi var. Əslində biz bunu düşünərək etmişik. Artıq onların maraqları üst-üstə düşmür. Qızım artıq universitetdə, oğlum isə 6-cı sinifdə oxuyur. Burada təzad var. Oğlum bu gün də onunla birlikdə oynayacaq qardaş istəyir. Baxıram ki, o olsaydı, oğlumun telefona belə ehtiyacı olmayacaqdı. Bizdə yaxşı bir deyim var: qardaşa qardaş lazımdır, bacıya da bacı. Xüsusilə, oğlan uşağı olan ailələr çalışmalıdır ki, eyni yaşda olan oğlanları dünyaya gəlsin. Çünki bu zaman həyat o uşaqlar üçün daha maraqlı olur.

– Bəs çoxuşaqlı ailələrin övladlarına ayıracağı zaman, diqqət necə tənzimlənməlidir?

– Artıq demək olar ki, çoxuşaqlı ailələrə rast gəlmirik. Nadirən hansısa ucqar rayonlarda kiminsə 6-7 uşağı olar. Çoxuşaqlı ailələrdə valideynlər onlara az diqqət ayırsalar da, uşaqlar bir-biri ilə oyandıqları üçün oyun bacarıqları, sosiallaşma kimi xüsusiyyətlər öz həllini tapmış olur. Bu gün kimsə uşağı tək olduğuna görə harasa aparır ki, övladı sosiallaşsın. Çoxuşaqlı ailələrdə isə bu problemlər avtomatik öz həllini tapır.

Biz bəzən düşünürük ki, çoxuşaqlı ailələrdə övladlara daha az zaman ayrılır. Lakin belə deyil. Tək övladı olan ana daim uşağının ətrafında gəzir, onun arzularını reallaşdırmağa çalışır. Bu zaman uşaq sanki valideyndən bezir. Lakin çoxuşaqlı ailələrdə uşaqlar ananı daha çox görür. Çünki ana davamlı iş başında olur, onlar bəzən anaya kömək edirlər, ana onların oyunlarına qoşulur. Çoxuşaqlı ailələrdəki uşaqların bacarıqları da üstün olur. Onlar birlikdə yemək yeyirlər, yatırlar, valideyn eyni diqqəti bir neçə uşağa ayırdığı üçün övladın gözündə fərqli olur. Tək uşaqlı ailələrdə isə ata və ana uşaq nə zaman istəsə, ona o zaman yemək verirlər. Uşaq birgə süfrəyə oturmursa, artıq etik qaydaları da görmür. Ailələrdə çox uşaq yetişdirilməsinin üstün cəhətləri də məhz bu amillərdir.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*