Azərbaycan ailəsində müsbət tendensiyalar formalaşmaqdadır – MÜSAHİBƏbackend

Azərbaycan ailəsində müsbət tendensiyalar formalaşmaqdadır - MÜSAHİBƏ

Xumar Ilqarqızı, aparıcı-məsləhətçi

Son illər Azərbaycan Respublikasında baş verən siyasi proseslər ailənin möhkəmlənməsi və sosial müdafiəsi də daxil olmaqla, qadınların müstəqilliyinin dərk edilməsinə əsaslanan yeni mexanizmlərin axtarışına imkan yaradır. Təbii ki, bu sahədə vahid dövlət siyasətini həyata keçirən AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə böyük vəzifələr düşür.

KONKRET.az bu istiqamətdə görülən işlər və əldə olunan nəticələr barədə komitənin Qadın və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Xumar İlqarqızı ilə geniş müsahibə hazırlayıb.

– Xumar xanım,  məlum olduğu kimi, gender bərabərliyi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə bu istiqamətdə atılan addımları necə xarakterizə edərdiniz?

– Respublikada gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Gender bərabərliyi, qadın və uşaq hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ-hüquqi aktların qəbul olunması bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur.

Həmçinin, qadın hüquqlarının müdafiəsində 2010-cu il 22 iyun tarixində qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu xüsusi əhəmiyyət kəsb edir.

Bundan əlavə,  “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

Eyni zamanda, regionlarda gender bərabərliyini təmin etmək üçün Qadın və İcma Resurs Mərkəzləri və Uşaq və Ailələrə Dəstək Mərkəzləri (ÜADM) institusional mexanizm kimi fəaliyyət göstərir.

Beynəlxalq təşkilatlarla birgə layihə çərçivəsində rayonlarda yaradılan resurs mərkəzlərinin əsas məqsədi qadınların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və onların əmək bazarında rəqabətliliyini artırmaq, habelə ucqar ərazilərdə qarşılaşdıqları sosial və iqtisadi çətinliklərin aradan qaldırılmasına dəstək olmaqdır.

– Maraqlıdır, UADM-lərin fəaliyyəti necə qurulur və hansı müsbət nəticələr əldə olunur?  

– 11 UADM-in fəaliyyəti çərçivəsində müraciətlər qəbul olunur və təhlil edilir, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, habelə beynəlxalq tərəfdaşlar və qeyri-hökümət təşkilatları, biznes nümayəndələri və sahibkarlarla birgə gender bərabərliyi, ailə və məişət zorakılığı ilə bağlı mövzularda maarifləndirmə işləri aparılır, ailələrə səfərlər edilir, ilkin psixososial qiymətləndirmə işləri aparılır, psixoloji dəstək göstərilir, müxtəlif layihələr icra olunur. Azərbaycanın müxtəlif regionlarında və rayonlarında çoxsaylı aksiyalar, təlimlər, kurslar təşkil edilir.

Qeyd edək ki, bu günə qədər UADM-lər tərəfindən dövlət proqramlarının və milli fəaliyyət planlarının icrası məqsədilə qadınların məşğulluğunun artırılması və qadın sahibkarlığının inkişafı sahəsində müxtəlif təlimlər keçirilib, peşə kursları təşkil olunub.

Beləliklə, mövcud vəziyyətin təhlili göstərir ki, Azərbaycanda gender bərabərliyinin bir çox göstəriciləri üzrə müsbət tendensiyalara nail olunub.

– Bildiyimiz kimi, Azərbaycan Respublikasının qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Buna rəğmən, belə ayrı-seçkilik hallarından biri kimi ölkəmizdə selektiv abortların geniş yayılması danılmaz faktdır. Bütün bu halların qarşısının alınması məqsədilə Dövlət Komitəsi tərəfindən hansı tədbirlər görülür?

– Öncəliklə qeyd edim ki, belə halların qarşısının alınması yönündə dövlətimiz tərəfindən silsilə tədbirlər həyata keçirilir. Belə ki, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

2021-ci ilin Dövlət Statistika Komitəsinin məlumatına əsasən bildirim ki, cins nisbəti hər 100 qıza 115 oğlan təşkil edir. Bu faktın bioloji normadan yüksək olması ölkədə hələ də uşaqların doğulanadək cins seçiminə məruz qaldığını göstərir.

Statistikaya əsaslansaq təəssüflə qeyd edə bilərik ki, hazırda ölkədə 2020-ci illə müqayisədə abortların sayı 34719-dan 46877-dək artıb.

Sözsüz ki, Dövlət Komitəsi bu problemin qarşısının alınması məsələsini də daim diqqətdə saxlayır. Qeyd edək ki, komitə Sosial Tədqiqatlar Mərkəzi ilə birgə “Azərbaycanda mövcud ailə münasibətləri” mövzusunda sosial-psixoloji təhlil aparıb. Əldə olunan nəticələrə görə, Azərbaycan ailəsi ənənəvi patriarxal ailə modelindən müasir-postmodern ailə modelinə doğru transformasiya prosesindədir. Bu baxımdan hazırkı ailə tipi müəyyən dərəcədə “keçid-transformasion” ailə tipinin xüsusiyyətlərini daşıyır. Ailələrdə fərdi müstəqil seçimlərə qoyulan məhdudiyyətlər tədricən informasiya cəmiyyətinin formalaşması ilə daha sürətlə azalmağa meyillidir.

Tədqiqat zamanı aparılan sorğunun nəticələrinə görə, ailədə alınan qərarlarda həm ata, həm də ana yaxından iştirak edir. Məsələn, ailə büdcəsinin idarə olunması (57,5%), asudə vaxtın təşkili (60,6%), gələcək planların qurulması (84.6%) və s. məsələlərdə valideynlərin hər ikisi birlikdə iştirak edib. Övladların sayı ilə bağlı qərarların qəbul edilməsində 48,7% ailədə hər iki valideyn birgə iştirak edib. 73,3% ailədə verilən qərarlara kənar müdaxilə olmasa da, 14,3% ailədə bu və ya digər tezlikdə, 12,1% ailədə isə nadir hallarda kənar təsirlər olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mövzu ilə bağlı regionlarda silsilə maarifləndirici tədbirlər keçirilib, bukletlər çap olunub.

Eyni zamanda, Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə ilk dəfə olaraq “Azərbaycanda doğulan uşaqların cinsi nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat” aparıb.

Həmçinin, BMT Əhali Fondu, Avropa İttifaqı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” həyata keçirilib. Proqram çərçivəsində təlimlər keçirilib, sosial çarxlar hazırlanıb.

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən qız övladlarının dəyərinin təbliğ olunmasına dəstək olmaq məqsədi ilə “Atalar və qızlar” adlı bir günlük festival da keçirilib.

Bu tədbirlər risk qrupuna daxil olan ailələrin reproduktiv davranış sahəsində bilik səviyyəsinin artırılması, gənc və yeniyetmələrin cinsi mədəniyyət sahəsində maarifləndirilməsinin gücləndirilməsi, arzuolunmaz hamiləliklərin, abortların artmasının, doğulacaq uşağın cinsinin seçilməsinin qarşısının alınmasına yönəlir.

Və bütün bunlar deməyə əsas verir ki, Azərbaycan ailəsində gender bərabərliyi baxımından müsbət tendensiyalar formalaşmaqdadır.

Fidan Ali,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və  demoqrafiya məsələləri” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*