Azərbaycan ciddi ekoloji fəlakətlə üz-üzədir – SOS – ÖZƏLbackend

Azərbaycan ciddi ekoloji fəlakətlə üz-üzədir - SOS - ÖZƏL

Antropogen təsirlər nəticəsində Kür çayında suyun səviyyəsi sürətlə azalır. Qəribə haldır ki, qış aylarında da bu proses dayanmır. Ekspertlərin verdiyi məlumata görə çayın Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət xeyli mürəkkəbləşib. Qış aylarında sululuq dövrünün olmasına baxmayaraq, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşür.

Təkcə son 4-5 gündə çayda suyun səviyyəsi 80 santimetrə yaxın azalıb. Bu da əhalinin ciddi narahatlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, çayın suyu göyərib, ondan içməli su kimi istifadə etmək belə mümkün deyil.

Kürün bir çox ərazilərində irili-xırdalı xeyli adalar yaranıb. Su nasosları tam gücü ilə işləyə bilmir. Mütəxəssislərin dediyinə görə, çayda suyun səviyyəsinin sürətlə azalması belə templə davam edərsə, gələcəkdə Kürboyu yaşayış məntəqələrinin əhalisi ciddi problemlərlə qarşılaşa bilər.

Bəs Kür çayında sululuğun bu qədər azalmasının səbəbi nədir?

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan əldə etdiyimiz məlumata görə, Kür çayında suyun kəskin azalmasının səbəbini öyrənmək üçün Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları Kür çayı boyu dördgünlük araşdırma aparıblar. Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər.

Alimlər bildiriblər ki, iqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekositemlərə ciddi təsir göstərir. Hava temperaturunun ölkə ərazisində 0,8-13 dərəcə artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb.

Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib.

Kür çayında suyun azalmasında başlıca faktorlardan biri də çay hövzəsində aparılan düşünülməmiş, elmi cəhətdən əsaslandırılmamış, ekoloji cəhətdən tədqiq edilməmiş antropogen təsirlərdir. Bunlara aşağıdakılar aiddir:

1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması;

2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq, Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması;

3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması;

4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması;

5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi;

6. Çay suyundan özbaşına su götürülmələri və s.

Alimlər vurğulayıblar ki, bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd etmir. 2022-ci ilin isti dövründə yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kür ətrafının sakinləri içməli və suvarma su qıtlığından ciddi əziyyət çəkəcəklər.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*