Azərbaycan əhalisi niyə çörək yemir?backend

Azərbaycan əhalisi niyə çörək yemir?

Gələn il qlobal bazarda buğda qiymətlərində mülayim artım və orta qiymətin bir buşel üçün 608 ABŞ senti səviyyəsində olacağı proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat “Fitch Group”a aid olan “Fitch Solutions” şirkətinin hesabatında yer alıb.

2024/2025 mövsümündə buğda qiymətlərinin nisbətən sabit qalacağı gözlənilir. Dünya ehtiyatlarının kifayət qədər olması qiymət artımını məhdudlaşdıra bilər, lakin Rusiyanın ixrac həcmlərinin azalması, ardıcıl ikinci qlobal istehsal kəsiri və qlobal ölkə riskləri ilə yanaşı, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltma dövrünü davam etdirməsi nəticəsində dolların zəifləməsi qiymətlərdə müəyyən artımlara səbəb ola bilər.

2024/2025 mövsümündə qlobal buğda tələbatının 798,4 milyon tona düşəcəyi proqnozlaşdırılır ki, bu da əvvəlki mövsümdəki 799,9 milyon tondan bir qədər azdır.

İstehsal balansının defisitdə qalacağı gözlənilsə də, bu defisit 2023/2024 mövsümündəki 8,1 milyon tondan 2024/2025 mövsümündə 1,6 milyon tona qədər azalacaq.

Buna baxmayaraq, qiymət artımını əngəlləyən əsas amil kifayət qədər yüksək səviyyədə olan keçid ehtiyatları olacaq.

Qeyd edək ki, taxıl istehsalçısı ölkələrdə adətən buğda qiymətlərində idxal-ixrac mövsümündə müxtəlif qiymətlər müşahidə edilir.

Son illər bu qiymətlər təhlükəli olmasa da, dünya əhalisi bu dəyişkənliyi daim izləmək məcburiyyətindədir. Çünki buğda qiymətlərinin artımı birbaşa ölkədə çörək qiymətlərinə də təsirsiz ötüşmür. Bu da bir faktdır ki, qlobal istehlakda azalma da müşahidə edilir.

Əgər buğda qiymətlərində artım müşahidə edilərsə, Azərbaycanda çörəyin qiyməti dəyişə bilər?

İqtisadçı-ekspert Akif Nəsirli  bildirib ki, dünyada gələn il üçün taxıl istehsalının indidən proqnozlaşdırılması doğru deyil:

“Bu proqnozlaşdırma çox mücərrəddir. Hələ payızlıq taxıl yetişməyib, yazlıq taxıl da səpilməyib. Ona görə də məhsuldarlıq proqnozunu vermək, gələcəkdə buğda istehsalının qlobal bazarda azalacağını düşünmək bir qədər mücərrəddir.

Bunu buğda sahələrinin azalması, hava proqnozu ilə izah edə bilərlər. Bu da əsaslı amil deyil. Hazırda dünyada ən çox buğda ixrac edən ölkə Rusiyadır ki, buğda əkin sahələrinin həcmini gələn il üçün 10-15 hektar artırmağı nəzərdə tutur.

Bununla yanaşı Kanada, Braziliyada da buğda istehsalının genişlənməsi fermerlərin prioritetindədir. Düşünmürəm ki, buğdanın bazarda qiymətinin ciddi artımı müşahidə edilsin. Əksinə dünyada buğdaya tələbat aşağı düşür, insanlar qida rasionunda çörəyin xüsusi çəkisini azaldırlar. Bu Azərbaycanda da çox ciddi şəkildə özünü göstərir.

Son illər Azərbaycanda çörəyə tələbat xeyli azalıb. Bir vaxtlar deyilirdi ki, “ən çox çörək yeyən xalq, Azərbaycan xalqıdır”. Ona görə belə deyirdilər ki, Azərbaycanda bir nəfər gün ərzində 5 çörək yeyirdi.

Bildirim ki, hazırda Azərbaycanda buğda idxalı çox intensiv şəkildə həyata keçirilir. Artıq 33-cü ildir ki, ölkə sahibkarları bu taktikadan istifadə edir. Taxıl biçininin ilkin dövrlərində, bazarda ucuzluq olan vaxtı kütləvi şəkildə buğda idxalı həyata keçirirlər, anbarlarını doldururlar.

Dekabrdan sonra Azərbaycanda buğda idxalı azalır. Bütöblükdə il ərazində idxal balansı qorunub saxlanır. Qarşıdakı ildə Azərbaycanda çörəklə bağlı ciddi narahatlıq yoxdur”./“Cebheinfo.az”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*