Azərbaycan niye NATO-ya üzv olmur? – İLGİNC SƏBƏBLƏRbackend

Azərbaycan niye NATO-ya üzv olmur? - İLGİNC SƏBƏBLƏR

“SSRİ-nin dağılmasından sonra keçmiş Sovet respublikaları NATO ilə münasibətlərdə fərqli istiqamətlərdə irəliləməyə başladılar. Baltikyanı ölkələr, Latviya, Litva və Estoniya birbaşa NATO-ya üzv oldular. Digər postsovet ölkələri, Ukrayna və Gürcüstan isə NATO-ya inteqrasiya üçün təşəbbüs göstərsələr də, bu planlar reallaşmadı. Rusiyanın bu ölkələrə qarşı göstərdiyi aqressiv siyasət, eyni zamanda NATO-nun açıq və birbaşa dəstək verməkdə tərəddüdlü davranması Ukrayna və Gürcüstanın təhlükəsizliyini ciddi şəkildə risk altına atdı. Nəticədə bu ölkələr müharibə vəziyyətinə düşdülər. Bu ssenarinin nəticəsi olaraq digər postsovet ölkələri NATO-ya üzvlük məsələsində daha ehtiyatlı yanaşmağa başladılar”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev KONKRET.az-a açıqlamasında səsləndirib:

Zeynal Əmrəliyev : “İsrailin əsas məqsədi prosesə ABŞ-ın cəlb olunmasıdır”

“Hazırda Ermənistan da NATO ilə inteqrasiya istiqamətində müəyyən addımlar atır. Lakin bu ölkə də Ukrayna və Gürcüstanda olduğu kimi həm Qərbdən yetərincə dəstək ala bilmir, həm də Rusiyanın təzyiqləri ilə üz-üzə qalır.

Azərbaycan isə fərqli bir yanaşma sərgiləyir. NATO ilə rəsmi üzvlük məsələsini gündəmə gətirmədən, təşkilatın üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığını gücləndirərək NATO ilə münasibətləri strateji səviyyəyə daşıyıb. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinin zirvəsi hesab olunur. Bu əməkdaşlıq Azərbaycanı NATO ilə sıx hərbi münasibətlərə malik bir ölkəyə çevirib”.

Ekspert hesab edir ki, Azərbaycanın yaxın gələcəkdə NATO-ya üzvlüyü gözlənilmir. Mövcud regional və beynəlxalq vəziyyət fonunda Azərbaycan bu mərhələdə hər hansı təhlükəsizlik təşkilatına üzv olmağa ehtiyac duymur. Azərbaycan NATO ilə əməkdaşlığı faktiki olaraq yüksək səviyyədə inkişaf etdirir və NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə ilə hərbi müttəfiqlik əlaqələri qurub.

“Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının fəal və aparıcı üzvlərindən biri kimi bu platforma daxilində də mühüm təşəbbüslərlə çıxış edir. Bu strategiya Azərbaycanın balanslaşdırılmış xarici siyasətini qorumağa və müxtəlif güc mərkəzləri ilə münasibətlərini optimal səviyyədə saxlamağa imkan verir.
Nəticə etibarilə, Azərbaycan üçün NATO ilə əməkdaşlıq rəsmi üzvlükdən daha real və effektiv bir təhlükəsizlik modelinə çevrilib”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*