“Azərbaycan öz vətəndaşları ilə dialoqda üçüncü tərəfin xidmətinə ehtiyac duymur” – Politoloqdan AÇIQLAMAbackend

“Azərbaycan öz vətəndaşları ilə dialoqda üçüncü tərəfin xidmətinə ehtiyac duymur” - Politoloqdan AÇIQLAMA

Cənubi Qafqazda regional dəyişikliklər və yaranan geosiyasi vəziyyət erməniləri arzuolunmaz vəziyyətə salıb. Özləri də məsələnin mahiyyətini anlayır və bölgədə sülhün qarşısını almaq üçün hər cür təxribatlara əl atırlar. Ermənistan rəhbərliyinin ikiüzlü siyasəti danışıqlara zərbə vurur. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən baş nazir Nikol Paşinyanın daha sonra ziddiyyətli bəyanatları da vəziyyəti qəlizləşdirir. Zəngəzur dəhlizinin açılmasına mane olan, delimitasiya və demarkasiya proseslərinin aparılmasını əngəlləyən rəsmi İrəvan qeyri-qanuni erməni silahlı birləşmələrini Qarabağdan çıxarmaqda da manipulyasiya edir. Regionda isə vəziyyət Azərbaycanın xeyrinə dəyişməkdə davam edir. Bunu anlayan ermənilər dostlarının köməyinə ehtiyac duyur, onlara müraciət ünvanlayırlar.

Bir qrup erməninin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı müraciət də Qarabağla bağlıdır. Putindən yardım uman ermənilər bu müraciətlə siyasi manipulyasiya etməyi düşünürlər.

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov KONKRET.az-a açıqlamasında ermənilərin bu cür addımlarının arxasında çirkin niyyətin dayandığını deyir:

“Regional konteksdə proseslər yenidən canlanır. Brüssel formatında cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu, XİN səviyyəsində ABŞ-da keçirilən görüşdən sonra növbəti Qərb platformasıdır.

Qarabağ iqtisadi rayonundakı separatçı qurum rəhbərinin Putinə müraciəti sonrası həm də Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri arasında telefon danışığı baş tutub. Eyni zamanda sülhməramlıların Azərbaycan bayrağına qarşı hörmətsizliyi də kifayət qədər ciddi nəzərə alınmalı məqamdır. Aydındır ki, Rusiya regionda öz marağını qalıcı etmək, sülhməramlıların fəaliyyətinin uzadılmasına nail olmaq istiqamətində hər cür addım atır. Eyni zamanda Qarabağ ermənilərinin reinteqrasiyasına da mane olur.

Xüsusilə vurğulamaq lazımdır ki, Araik Arutyunyan dialoq müstəvisində Rusiyanın iştirakını vacib hesab edir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, heç bir beynəlxalq mexanizm ola bilməz və Azərbaycan öz vətəndaşları ilə dialoqda üçüncü tərəfin xidmətlərinə ehtiyac duymur. Bu kifayət qədər konstruktiv yanaşmadır. Beynəlxalq hüququn fundamental norma və prinsiplərinə söykənir. Bu mövqeni qlobal güclər də qəbul edir. Azərbaycan nəzarət buraxılış məntəqəsi qurduqdan sonra Beynəlxalq Ədalət Məhkəməsində də mövqeyimizin dəstəklənməsi və Ermənistanın vəsadətinin ləğv edilməsi dediklərimizi təsdiqləyir.

Xüsusilə vurğulamaq lazımdır ki, ABŞ-da ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı Azərbaycanın zəmanətinə etibar edir. Bu məsələni kifayət qədər böyütmək bundan siyasi xallar toplamaq, siyasi cəhətdən üstünlüyə yiyələnmək niyyətləri də tamamilə absurddur. İstənilən halda Azərbaycanın milli maraqları qalib gələcək və Azərbaycanın siyasi iradəsi bu istiqamətdədir. Xarici işlər naziri Ceyhun Bayramovun Mariya Zaxarovaya kəskin, tutarlı və ədalətli cavabı da xüsusi məqamdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*