Son vaxtlar Qərb mətbuatında Azərbaycanın Ermənistana qarşı müharibəyə hazırlaşmasıyla bağlı təhlükəli xəbərlər tirajlanır. Avropanın və Amerikanın müxtəlif siyasi təşkilatlarının yaydığı həqiqətəuyğun olmayan informasiyaların arxasında ölkəmizə qarşı çirkin planlar dayanır. Guya Azərbaycanı təcavüzkar kimi qələmə verən Qərb təşkilatları ölkəmizə qarşı müxtəlif vasitələrdən istifadə etməyi düşünürlər.
Məsələni KONKRET.az-a şərh edən politoloq Oktay Qasımov bildirib ki, bu məlumatların yayılmasının əsas səbəbi Qərbin bölgədə sülhü əngəlləmək və gərginliyi davam etdirmək istəməsidir:`
“Bununla riskləri artırmaq və Rusiyanın bölgədən çıxarılması prosesinin həyata keçirilməsi planlaşdırılır. Bu cür dezinformasiyaları yayanlar elə düşünürlər ki, Ermənistan cəmiyyəti buna inanacaq. Ermənilərdə belə bir fikir formaşdırmağa çalışırlar ki, Rusiyanın başı Ukraynaya qarışdığından Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir. Ona görə də başqa təhlükəsizlik zəmanətləri axtarmaq və başqa təhlükəsizlik formatı bölgəyə gətirilməlidir. Bu proses həyata keçəndən sonra anti-Rusiya ovqatı çərçivəsində Rusiyanın regiondan sıxışdırılması və onun yerinin Qərb nümayəndələrinin tutması planlaşdırılır”.
İnformasiya savaşında istifadə edilən təhlükəli metodların işə salınmasına toxunan politoloq bildirib ki, məhz bu cür feyk xəbərlərin fonunda artıq Avropa İttifaqının bölgəyə yerləşən missiyasının say tərkibinin artırılmasıyla bağlı məsələlər müzakirə olunur: “İlk dövrlər yalnız Fransa və Almaniya nümayəndələrindən ibarət bu missiyanın tərkibinin 23 ölkənin nümayəndələri ilə genişləndirilməsi planlaşdırılır. Nəzərə alsaq ki, sentyabr, oktyabr aylarında ABŞ və Fransa hərbçiləri Ermənistanda təlimlərdə iştirak ediblər. Bununla Qərb Ermənistan üzərindən regiona girməyə çalışır. Məhz bunu da ölkəmizə təzyiqlər edərək təcavüzkar obrazı yaratmaq və guya məzlum erməniləri müdafiə etmək adı altında bu prosesləri həyata keçirmək istəyirlər. Bu planın tərkib hissələrindən biri Qarabağdan əhalinin kütləvu şəkildə köçürülməsi hadisəsi idi. Fransa BMT-yə növbəti dəfə təşəbbüslə müraciət edib. Qarabağ ermənilərinin məsələsini müzakirə edərək guya BMT hərbçilərini regiona gətirmək, onların təhlükəsizlik təminatı altında erməniləri geri qaytarmaq niyyətləri var. Bu planlar da ABŞ və Fransa tərəfindən düşünülüb və hazırlanıb. Heç təsadüfi deyil ki, bu, aniterror əməliyyatlarından bir həftə sonra sentyabrın 26-da ABŞ-ın İnkişaf Agentliyinin rəhbəri erməni lobbisinin əlində alət olan Samanta Pouerin bölgəyə səfərindən sonra baş tutub. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ və Qərb məhz bu ab-havanı yaratmaqla Azərbaycanın təcavüzkar obrazını təqdim etməklə bölgədə özlərinin təhlükəli oyunlarını qurmağa çalışırlar. Amma Azərbaycan bütün bu təzyiqlərə davam gətirəcək və bu təzyiqləri dəf edəcək. Bölgədə regiondan kənar 3-cü tərəfin müdaxiləsinə imkan verməyəcək”.
Vəli Həsənov
KONKRET.az