Azərbaycan regionda və dünyada nüfuzlu dövlətə necə çevrildi? – MÜHÜM MƏQAMLARbackend

Azərbaycan regionda və dünyada nüfuzlu dövlətə necə çevrildi? - MÜHÜM MƏQAMLAR

Azərbaycanın daim dəyişən beynəlxalq və regional proseslərə uyğun aparılan xarici siyasətinin təməli Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlər, əldə etdiyi razılaşmalar, dünyanın güc mərkəzləri ilə apardığı müzakirələr sayəsində Azərbaycan qlobal siyasi arenada etibarlı tərəfdaş kimi etimad qazanıb. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın müxtəlif ölkələri və təşkilatları ilə həm sosial, həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlıq qurub və beynəlxalq nüfuzu ildən-ilə artıb. Ölkəmiz beynəlxalq siyasi münasibətlər çərçivəsində həll olunan məsələlərdə fəal iştirak edir, həmçinin, qlobal və regional miqyasda xüsusi nüfuza sahib olan beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir.

Mövzunu KONKRET.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə şərh edib:

Deputat Aydın Mirzəzadə almaniyalı həmkarına məktub yazdı » Reyting.az

“Azərbaycan dövlətçiliyi öz tarixində bir sıra mühüm mərhələlərdən keçib. Bəzi dövrlərdə müstəqilliyini itirib, bəzən isə ciddi problemlərlə üzləşib. Lakin 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə dövlətçiliyin möhkəm təməli qoyuldu. Bu təməllər üzərində qurulan dövlət strukturları yüz illərlə vətəndaşların hüquqlarını qorumağa, onların sosial rifahını, eyni zamanda Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin etməyə yönəlib. Azərbaycan dövlətçiliyi öz dəyərlərinə, tarixi təcrübəsinə əsaslanaraq qurulur. Bununla yanaşı, inkişaf etmiş demokratik dövlətlərin, xüsusilə də qardaş Türkiyənin təcrübəsindən də bəhrələnir. Məhz bu siyasətin nəticəsi olaraq 1993-cü ildə vətəndaş müharibəsinin qarşısı alındı, ölkədə sabitlik bərqərar edildi və genişmiqyaslı islahatlara start verildi. 1995-ci ildə beynəlxalq hüquq normalarına cavab verən Konstitusiya qəbul olundu. Bu proses günümüzədək davam edir və ölkəmizdə müxtəlif sahələrdə ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində Azərbaycan regionda və dünyada nüfuzlu dövlətlərdən birinə çevrilib. Dövlətimizin beynəlxalq birliyə inteqrasiyası genişlənib, onun söz sahibi kimi çıxış etməsinə zəmin yaranıb. Müasir dövrdə hüquqlarını qoruyub inkişafını təmin etməyən dövlətlər dünya birliyində nüfuz sahibi ola bilməz. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müasir, demokratik dövlət quruculuğu Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olub”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan həm dövlət quruculuğu, həm də problemlərin həlli sahəsindəki təcrübəsi ilə dünya ictimaiyyətinin diqqətini cəlb edir.

“Regionda və dünyada sülhün bərqərar olunmasına, əməkdaşlığın güclənməsinə mühüm töhfələr verir. Məhz bu səbəbdəndir ki, Azərbaycan vaxtaşırı nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dörd il müddətində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi bunun bariz nümunəsidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, sülh prosesini irəli apararaq sülh müqaviləsi mətninin hazırlanması mərhələsinə çatdırmışdır. Eyni zamanda digər dövlətlərlə əməkdaşlıq da ölkəmiz üçün prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən iqtisadi layihələr təkcə region deyil, ətraf ölkələrin iqtisadi və siyasi maraqlarına xidmət edir. Azərbaycan həm də humanitar sahədə təşəbbüskar rol oynayır. Qoşulmama Hərəkatına sədrliyi dövründə 80-ə yaxın ölkəyə COVID-19 pandemiyası ilə mübarizədə yardım göstərib. İnkişaf etməkdə olan ölkələr Azərbaycanın təcrübəsindən yararlanmağa çalışır, kapital qoyuluşunda maraqlı olduqlarını bildirir, birgə layihələr irəli sürürlər. Bütün bu uğurlar Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Son olaraq cənab Prezidentin dost və qardaş Macarıstana səfəri zamanı Baş nazir Viktor Orbanın “Azərbaycan həmişə Macarıstanın yanında olub” bəyanatı da bu münasibətlərin göstəricisidir. Azərbaycan hər zaman dostlarının və mehriban qonşuluq münasibətləri qurmaq istəyənlərin yanındadır. Əməkdaşlıq, qarşılıqlı maraqlar və sülhə xidmət edən təşəbbüslər dünyanı müharibələrdən uzaq, işıqlı gələcəyə apara bilər. Bu proseslərdə Azərbaycanın aktiv iştirakı və Prezidentin liderlik nümunəsi bu xəttin hər zaman davam etdiriləcəyinin göstəricisidir”.

 

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*