“Ərdoğan Qarabağdakı qələbəni Türkiyənin siyasi uğuru hesab edir. Ermənistan məğlubiyyətini etiraf edən kimi Əliyev dərhal türk sülhməramlılarının Dağlıq Qarabağa gətiriləcəyini gizlətmədi. Buna rəğmən, Rusiya tələsik Qarabağda türk hərbçilərinə yer olmadığını vurğuladı. Türkiyə yalnız müşahidə mərkəzinə müşahidəçilər göndərə bilər. Azərbaycanla Türkiyənin birliyi çoxdan aydın idi. Bakı və Ankara görünməmiş ittifaq yaradıb. Bu ittifaqa Böyük Britaniya ilə ABŞ da həsəd apara bilər. Türkiyə və Azərbaycan gücü regionda yeni qaydaları diqtə edir”.
Bu fikirlər Rusiya sosial şəbəkələrində status və paylaşımlar edən, şərhlər yazan siyasi şərhçilərin və politoloqların, ekspertlərin ümumiləşdirilmiş tezisləridir.
Doğrudan da Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyi, müdrik xarici siyasəti və Rəcəb Tayyib Ərdoğanın siyasi qətiyyəti, hədəflərə doğru prinsipial mövqeyi nəinki regionda, hətta beynəlxalq səviyyədə real güc faktoruna çevrilib. Bu bağımdan “bir millət iki dövlət” adı altında regional gücün qələbəsi yeni siyasi, iqtisadi gerçəkliklər yaratmaqdadır.
Amma maraqlı olan bir məqam var. O da Azərbaycanın Rusiya ilə bundan sonrakı əlaqələrinin hansı səviyyədə olacağıdır.
Türklərin regionda dominantlıq təşkil edəcəyi sirr deyil. Bu ölkə Rusiyanın qulağının dibində hər şeylə maraqlanacaq. Xüsusən də Xəzər dənizində, oradan da Orta Asiyada daha da möhkəmlənəcək. Burada karbohidrogen ehtiyatlarının inkişaf etdirilməsi, yük daşımalarına nəzarət etmək və “Turan Ordusu” qurmaq üçün daha çox imkanlar əldə etmək istəyi nəzərdə tutulur.
Deməli, Türkiyə Avropadakı mövqeyini gücləndirir və güc mərkəzi olmağa çalışır. Demək olar ki, indiyə qədər ölkə bunu bacarır. Ruslar isə məəttəl qalıb ki, dünya Ərdoğanın nəzarətdən çıxmasının qarşısını necə alacaq. Anladığım qədəri ilə, Türkiyə Azərbaycanda türk maraqlarının qarantı rolunu oynayacaq hərbi baza yerləşdirəcək. Sonra “Turan Ordusu” qitədə uğurlarını davam etdirəcək.
Türkiyə və Azərbaycan Qarabağdakı qələbəsi bu baxımdan çox əhəmiyyətli idi.
Moskva isə öz növbəsində Türkiyəyə təzyiq göstərə bilmədiyi üçün zəif görünür. İlk baxışdan əlbəttə ki, bu, iki ölkə arasında məcburi əməkdaşlığa görə belədir. Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlər fonunda maraqları çərçivəsində çox ehtiyatlı davranır. Elə buna görədir ki, Rusiya Türkiyənin Dağlıq Qarabağa dolayısı yolla müdaxiləsinin qarşısını ala bilməzdi. Ankara artıq regiona sülhməramlıları gətirməkdə öz qərarını verdi.
Digər tərəfdən, qanuni olaraq Qarabağ Azərbaycana məxsus olduğu üçün Rusiya regionun müstəqilliyini tanıya bilməzdi. Ona görə də Ermənistana ancaq silah yardımı edən Rusiya hüquqi baxımdan öz ərazilərini azad etmək üçün hərbi əməliyyatları yalnız kənardan izləyirdi. Rusiya öz halından şikayət edəcək durumda da deyildi.
Azərbaycan isə dünyaya, o cümlədən Rusiyaya bir daha suveren ölkə olduğunu sübut etdi. Artıq biz qərar verəcəyik türk bazalarının Azərbaycanda yerləşdirilməsinə. Moskva isə bu prosesi dayandıra bilməyəcək. Gələcəkdə isə Qarabağ erməniləri evlərini tərk etdikdə, Azərbaycan rəsmi olaraq Rusiya sülhməramlılarından ölkəni tərk etmələrini xahiş edəcək. Rusiyanın bu tələbə itaət etməkdən başqa çarəsi qalmayacaq.
Rusiya məğlubiyyətini sükutla etiraf edir və beynəlxalq tərəfdaşları olan Fransa ilə birlikdə Ərdoğanı yerə gətirmək və Türkiyənin mövqelərinin möhkəmlənməsini dayandırmaq üçün Ankaraya yeni təzyiq rıçaqları axtarmağa başlayacaq. Xatırlatmaq lazımdır ki, Rusiyanın bu gün yalnız iki müttəfiqi var – ordu və donanma. Amma bu detallar güclü arqumentlərə söykənmir. Çünki Rusiya Türkiyə ilə açıq savaşa gedə bilməz. NATO ölkəsi ilə qarşıdurma bu ölkənin intiharı deməkdir. Çünki Rusiya Böyük Vətən Müharibəsi adı altında döyüşməyəcək ki, rus əsgəri ilə yanaşı qadınları və uşaqları da döyüşsün. Rus imperializmi uğrunda döyüşmək isə yersizdir. Rusları parçalamağa hazır olan təkcə türk dünyası deyil, eləcə də ABŞ və Qərbdir.
Fadil Paşayev,
KONKRET.az