Azərbaycan səhiyyəsində faciələr zənciri: Əcəl, yoxsa qətlbackend

Azərbaycan səhiyyəsində faciələr zənciri: Əcəl, yoxsa qətl

Əntiqə Rəşid

Bu gün Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Mərkəzi Xəstəxanasında fevralın 5-də qeydə alınan ana ölümü ilə bağlı özünün sosial şəbəkə hesabında yazıb ki, Gülnarə Hümmətovanın doğuş zamanı ölməsindən sonra onun üç azyaşlı körpəsi anasız qalıb. Deputat hesab edir ki, bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır.

Xanım deputat sonrada qeyd edib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsində rüşvət almaq adi hala çevrilib, şöbədə əməlli “bazar”dır.

Xatırladaq ki, 2019-cu ilin statistikasına görə dünyada hər gün yeni doğuşla əlaqədar olaraq təxminən 830 qadın dünyasının dəyişir. Həmin il isə  Azərbaycanda 21 ana ölümü qeydə alınıb.

Əcəl, yoxsa qətl

İnsanlar ən adi əməliyyat üçün ailəsinin boğazından, əynindən kəsib xaricə üz tuturlar. Son zamanlar, İran, Türkiyə, Gürcüstan xəstəxanaları ən çox Azərbaycanlı xəstələri müalicə edir. Hətta iş o yerə gəldi ki, Gürcüstanın “Nyu Hospital” klinikasının direktoru səhiyyəmizi ələ salmağı da unutmadı. Dedi ki, hər il mənim klinikama Azərbaycandan 8 min pasiyent gəlir: ”Onların böyük pulları var. Çox bahalı klinikalar tikiblər. Ən vacib məsələdə – xəstələrin müalicəsində səviyyə aşağıdır”.

Azərbaycan səhiyyəsinə ümid olmaq yalnız imkansız və az təminatlı ailələrin taleyinə yazılıb. İnternet üzərindən araşdırma apararkən, bir neçə faktı da oxucularımız üçün götürdük:

Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında əməliyyat olunan Laçın rayonundan məcburi köçkün Əlizamin adlı 28 yaşlı gənc qipospadiya (sidik kanalının tutulması) əməliyyatı olundu. Əməliyyatdan sonra xəstənin bir həftə qızdırması düşmədi. Onun qanına iltihab keçdiyi üçün dünyasını dəyişdi. Həkimlər eləmədi təmbəllik, məsuliyyəti öz üzərlərindən atmaq üçün xəstənin yaxınlarına mərhumun ürəyində problem olduğu üçün dünyasını dəyişdiyi iddası ilə “qabaqdangəlmişlik” də etdilər.

Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc, Salyan rayonunun Qızılağac kənd sakini, 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyat zamanı narkozdan ayılmayaraq ölməsi səhlənkarlıqdı, qeyri-peşəkarlıqdı, bilmirəm. Amma xəstəxanalarımızın şərəfi 2 paralıq olduğu ortada.

Bakıda A.F.Qarayev adına 2 saylı uşaq xəstəxanasında beş yaşlı Məmmədova Firuzə Ceyhun qızı vəfat edib. Uşağın həkim səhlənkarlığından vəfat etdiyi iddia edildi.

Bakıda “Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib. Mərhumun valideynləri bildirdi ki, əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynov sonradan qaçıb gizləndi.

5 saylı xəstəxanada qasıq yırtığından əməliyyat zamanı dünyasını dəyişən 31 yaşlı Vüsalə Məmmədovanın yaxınları da həkimləri gunahkar saydı: “15 dəqiqəlik əməliyyat idi. Bütün analizləri normal çıxmışdı. Cərrah Anar Mehdiyev əməliyyat etdi. Bir saat sonra “nasılka”da meyitini “koridor”a qoydular ki, aparın”.

Məsələn, 1il əvvəl  Ağdam rayon Əlağalı kənd sakini Sərxan Mehdiyev qardaşı Nəsimi Mehdiyevin Gəncə Beynəlxalq Xəstəxanasında həkim səhlənkarlığı ucbatından dünyasını dəyişdiyi şikayəti ilə redaksiyamıza üz tutduğunu xatırladım. Mərhum Nəsiminin də 3 övladı yetim qaldı və buna səbəb qeyri peşakarlıqdı deyə düşünürəm. Hətta pul ödənişi qəbzlərinə baxanda “bazarlıq” deməsəm də olmur.

Belə hallardan kifayət sitat gətirmək olar. Axı niyə Azərbaycan səhiyyəsi belə bərbad gündədir?

2-3 il əvvəl millət vəkili Aydın Mirzəzadənin bir açıqlamasını oxumuşdum, O, yazırdı ki, həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişən hər bir insan taleyi bizim ürəyimizi ağrıdır. Yaşından asılı olmayaraq, sağalmağa gedən insanın sırf səhlənkarlıq və məsuliyyətsizlik nəticəsində həyatını itirməsi təkcə onun ailəsi üçün yox, bütövlükdə cəmiyyət üçün böyük faciədir. Əslində həkim səhlənkarlığı qəsdən adam öldürmədir”.

“Qətl” olunmaq istəməyənlər

Yaxın günlərin söhbətidir. Yaxın bir qohumum “pandemiya” ilə bağlı dünyasını dəyişdi. Evin yeganə oğlu olan qohumumun anası ağı deyib ağlayarkən qeyri ixtiyari belə bir cümlə də işlətdi: “Ay Bəhramı, Nuranı sağaldan həkimlər, mənim balamı niyə sağaltmadınız? Kaş ki balamı xaricə aparaydıq… indi ölməzdi…”

Ağlıma ilk öncə son 10 ildə xəstələnib xaricdə müalicə alıb sağalan məmurlardan bir neçəsi düşdü.

1.“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Əli Bayramov İstanbulda yerləşən xəstəxanada müalicə olunub.(Sağdı-yaşayır)

2 .2018-ci ildə sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti pisləşdiyi üçün təcili Türkiyəyə aparılmışdı. Onun yaxınlarının verdiyi məlumata görə, sabiq nazirin qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.  (F.Məmmədov hazırda yaşayır)

3. 2018-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iyulun 3-ü Yunis Səfərov adlı şəxsin sui-qəsd cəhdindən sonra yaralanıb. Onun İsrailin Haifa şəhərində yerləşən Rambam dövlət tibb mərkəzi ndə müalicə aldığı bildirilib. (Sağdı-yaşayır)

4. Baş nazirin sabiq müavini Abid Şərifov ürəyində problem yaranması səbəbindən 2017-ci ildə israildə müalicə olunmuşdu. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi. Sabir baş nazir müavini orada əməliyyat olunmuşdu. (Sağdı-yaşayır)

5. 20 oktyabr 2005-ci il tarixdən Azərbaycan səhiyyəsinə nazir təyin edilən Oqtay Şirəliyevin 2017-ci ildə Almaniyada müayinə olunduğu iddia olunurdu.

6. 2006-cı ildən Azərbaycanın gənclər və idman naziri təyin edilən Azad Rəhimov hazırda ABŞ-da-Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalında müalicə alır. Məlumata görə, nazir ağıciyər xərçəngi ilə mübarizə aparır.

7. Müdafiə Nazirliyinin Baş qərargah rəisi Nəcməddin Sadıkov Rusiyadadır. Sabiq Baş Qərargah rəisinin səhhətində ciddi problem yaranıb. Bu səbəbdən də onun bu günlərdə Moskvada açıq ürək əməliyyatı keçirdiyi bildirilir. (Sağdı- yaşayır)

Səhiyyəmizə mütləq bir SOS siqnalı lazımdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*