
Rusiya prezidenti Vladimir Putinin Gürcüstanla hava əlaqəsinin kəsilməsilə bağlı 21 iyun tarixində imzaladığı sərəncamdan sonra Azərbaycanın turizm sektoru üçün çox nadir imkanlar açılıb. Bundan maksimum şəklildə istifadə etmək lazımdır. Çevik hərəkətə keçməyin vaxtıdır. Xatırladım ki, 2008-ci ilin məlum hadisələrindən sonra 11 ilə yaxındır bu iki ölkə arasında diplomatik əlaqələr mövcud deyil. Amma buna baxmayaraq rusiyalılar Gürcüstanda istirahət edir və hətta burada mənzillər də alırdılar. 2018-ci ildə Gürcüstanda dünyanın 50 ölkəsindən 8,7 milyon turist istirahət etmişdi ki, onlardan da 1,4 milyon nəfəri Rusiya vətəndaşı olmuşdu. Əslində bu rəqəm daha böyükdür. Ötən il bu qonşu ölkə turizmdən təqribən 4 milyard dollar əldə edib ki, rusiyalıların xərclədikləri pullar bu rəqəmin təqribən beşdə birini təşkil edir. Rusiyanın avia şirkətləri məlum qərara qədər 200 min təyyarə bileti satmışdı. Hazırda bu biletlərin qaytarılma prosesi gedir. Odur ki, avia əlaqənin kəsilməsi, rusiyalıların gəlməməsi Gürcüstan büdcəsi üçün müəyyən təzyiqlər yaradacaq. Məlumdur ki, Gürcüstana səfər edənlərin sırasına ölkəmizin vətəndaşları başçılıq edir. Biz heç kəsin kədərinə və yaxud probleminə sevinmirik, amma yaranmış imkanlardan bəhrələnmək mütləqdir. Çünki hazırkı bu məqam ölkəmiz üçün potensial imkanları artırır. Düzdür, bizdə qiymətlər Gürcüstanla müqayisədə baha olsa da, hər halda müəyyən çevik addımlar atmaqla yaxşı nəticəyə nail ola bilərik. Məlum olduğu kimi prezident İlham Əliyev çimərlik turizminin inkişafı ilə bağlı hələ 2017-ci ilin martında sərəncam imzalamışdı. Bu sərəncamda 2020-ci ilə qədər dövrü əhatə edən tədbirlər planı təsdiq olunmuşdu. Strateji xətt var. Amma biz hələ də çimərlik turizmindən mümkün vəsaiti əldə edə bilmirik. Mən dəfələrlə demişəm, Xəzər dənizində bir pilot layihə kimi çimərlik turizminə tam yararlı məkan var–Sumqayıt. Bu şəhərin potensialını lazımi səviyyəyə qaldırıb əla nəticələr əldə etmək olar! Baxın, türklər Antalyanı kurort şəhəri kimi 1980-ci ildən dövriyyəyə buraxıblar. İndi təkcə bu bölgəyə gələn turist sayı illik 12 milyona yaxındır. Hələ mən digər şəhərləri sadalamıram! Türkiyədə istirahət edən təkcə rusiyalıların sayı 6 milyon nəfəri ötüb. Onların il ərzində qardaş ölkədə xərclədikləri vəsait 5 milyard dollardan çoxdur! Təbii ki, Xəzər dənizi Aralıq və ya Adriatik dənizi deyil, amma düzgün yanaşma tam potensial ortaya qoya bilrər. Ağılla işləsək, turizm bizə də yaxşı qazanc gətirə bilər.