Cəmiyyətimizin ən ağrılı yerlərindən biri dilənçilikdir. Sosial bəlaya çevrilən bu məşğuliyyət növü ilə tez-tez rastlaşsaq da bəzən bunun fərqinə varmırıq. Amma cəmiyyətin alt qatındakı bu neqativlik daha ciddi sosial problemlərə yol açır. Uşaqların dilənçiliyə cəlb olunması isə acınacaqlı hallara gətirib çıxarır. Azyaşlıların dilənçiliyə məcbur edilməsi sosial problemdir və bu xoşagəlməz halların qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bunun üçün həm dövlət orqanları, həm də vətəndaş cəmiyyətinin üzvləri fəal olmalıdır. Amma bu günki mənzərə ürəkaçan deyi. Parklarda, küçə və meydanlarda, metro çıxışlarında, işıqforlarda dilənən uşaqların gündən-günə çoxalması problemin ciddiliyindən xəbər verir. Hələ tıxac zamanı avtomobillərin yanında peyda olan azyaşlıları demirik. Məkanı və zamanı dəqiq seçən balaca “dilənçilərin” qəyyumları uşaqların dilənməsini özlərinin biznesinə çeviriblər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Gülnar Orucova maraqlı məqamlara toxundu:
“Azərbaycanda azyaşlıların işə cəlb edilməsi qanunla qadağandır. Amma dilənməyi bilmirəm qadağan ediblər, yoxsa yox. Müəyyən bölgələr var ki, orada dilənmək sanki bir adət ənənə, peşədir. Bəzi uşaqlar valideynləri tərəfindən məcburi diləndirilir. Sanki bu, bir işdir və uşaqlarını işə göndərirlər. Amma dilənən uşaqlar bəzən maşınların qabağına qaçır, şüşə silməyə çalışırlar. Onlar guya şüuraltı olaraq zəhmətlə pul qazandığını düşünürlər. Amma bu, zəhmətlə pul almaq deyil, insanların mərhəmətindən istifadə etməkdir. İnsanların da rəhmi gəlir, işlədikləri üçün onlara pul verirlər. Bəzən həmin uşaqlar yığdıqları pulları zərərli vərdişlərə xərcləyirlər. İnsanlar düşünür ki, onlara yaxşılıq edirlər, amma elə deyil. Biz bu uşaqlara pul verməklə gələcəkdə Azərbaycan üçün təhlükəli insan formalaşdırırıq. Əgər bir uşaq diləndirilirsə və yaxud da dilənirsə, dövlət buna hər bir halda sahib çıxmalıdır”.
Vəli Həsənov,
KONKRET.az