Ukrayna və Azərbaycan vətəndaşları Daşkənd vilayətində narkotik laboratoriyası yaradıblar.
KONKRET.az xəbər verir ki, Yuxarı Çirçikdə Ukrayna və Azərbaycan vətəndaşlarının müvəqqəti yaşadığı mənzildən sintetik narkotik vasitələr, yarımfabrikatlar və prekursorlar aşkar edilib. Onlar bu yerdə məxfi narkotik laboratoriyası yaradıb, xaricdən gətirilən xammaldan istifadə etməklə sintetik narkotik vasitələrin hazırlanması və satışı ilə məşğul olublar.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gömrük və daxili işlər orqanlarının əməkdaşları ilə birgə Daşkənd şəhərində və Daşkənd vilayətində çevik tədbirlər keçirib.
O cümlədən, Yuxarı Çirçik rayonunda Ukrayna vətəndaşı və Azərbaycan vətəndaşının müvəqqəti saxlandığı mənzildən 411 qram “Alfa-PVP” sintetik narkotik vasitə, 7 kiloqrama yaxın narkotik vasitə yarımfabrikat və 237 kiloqram prekursor aşkar edilib.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, qanun pozucularına qarşı həbs-qətimkan tədbiri seçilib.
Natiq Səlim,
KONKRET.az