Son hadisələr göstərir ki, Qarabağ ermənilərinin reinteqrasiyası ele də asan proses deyil. Ermənistanın birbaşa müdaxilə etdiyi məsələ ciddiləşir və münaqişənin uzanmasında maraqlı tərəflər buna mane olmağa çalışır. Amma bütün maneələrə baxmayaraq, Qarabağın erməni əhalisi qanunlarımızı qəbul edib, Azərbaycan ərazisində yaşamağa davam edəcək.
KONKRET.az-a açıqlama verən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
ardıcıl şəkildə bu yöndə addımların atıldığını deyir:
“Bu, uzunmüddətli prosesdir və icrası zamanı müvəqqəti sxemlərdən istifadə olunacaq. Çünki bölgə 30 il ərzində maliyyə, enerji, siyasi, hərbi, sosial təminat baxımından Ermənistandan asılı idi. Qarabağa aid məsələləri Ermənistan özünün bir regionu kimi həll edirdi. İndi isə bu proses dayanıb və Qarabağda fərqli mənzərə yaranıb. Amma təbii ki, müəyyən çətinliklər ortaya çıxacaq və reinteqrasiya bir gündə baş tutan proses deyil.
Azərbaycan müharibənin gedişində bəyan etdi ki, Ermənistanın etnik təmizləmə təcrübəsindən istifadə olunmayacaq. Amma Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməli, dövlətimizin konstitusiyasına hörmətlə yanaşmalıdırlar. Eyni zamanda Qarabağ ərazisində enerji təminatı, sosial təminat, təhlükəsizlik mövzuları, iqtisadi fəaliyyət, mülkiyyət, seçkilər, vergilər sistemi və digər elementlər üzrə Azərbaycanın qanunları işləyəcək və onlar da bunu qəbul etməlidir.
Bu proses xeyli vaxt aparacağından biz buna hazır olmalıyıq. İndiki mərhələ üçün ən prinsipial məsələ ondan ibarətdir ki, orada gələcəkdə Azərbaycan vətəndaşı olan ermənilər öz mövqeyini bəyan eləməlidir. Bunu qəbul etməyənlər Azərbaycan ərazisini tərk etməlidir. Məsələ bu qədər sadədir. Çünki onların indiki siyasi çağırışları Azərbaycan Konstitusiyasına ziddir. Onlar istər-istəməz bu fəaliyyəti davam etdirsələr, təbii ki, Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar”.
Vəli Həsənov
KONKRET.az